Elmi məqalənin müəllifi “natamam qidalanan uşaqlar” və ya “zero-food children” anlayışını təqdim edib. O, bu anlayışla 6–23 aylıq, son 24 saat ərzində nə heyvan mənşəli süd, nə süni süd qarışıqları, nə də bərk və ya yarımbərk qida qəbul etməyən uşaqları nəzərdə tutmağı təklif edib. Tədqiqatda milli səviyyədə təmsilçilik qabiliyyəti olan ailə məlumatları təhlil olunub və bu məlumatlar 6 aydan yuxarı, iki yaşdan kiçik uşaqlara aiddir. Məlumatlar demoqrafiya və səhiyyə sahəsində aparılmış araşdırmalar zamanı toplanıb.
Alimin istifadəsində, həmçinin 2010-cu il mayın 20-dən 2022-ci il yanvarın 27-dək 92 aşağı və ortagəlirli ölkədə aparılmış sorğuların nəticələri olub. Tədqiqatçı uşaqların qidalanmasına dair məlumatları həm müqayisə edilə biləcək formaya salıb, həm də etibarlılığını qoruyub saxlayıb. Nəticədə 276 379 uşaq barədə məlumat formalaşıb və onların 51,4 faizi oğlan olub.
Ümumi nümunə üzrə “zero-food” uşaqların ehtimal olunan payı 10,4 faiz təşkil edib. Ayrı-ayrı ölkələrdə bu göstərici ciddi fərqlənib, məsələn, Kosta-Rikada cəmi 0,1 faiz, Qvineyada isə 21,8 faiz olub. Son 24 saat ərzində heyvan mənşəli süd, süd qarışıqları və ya bərk/yarımbərk qida qəbul etməyən uşaqların ən çox rast gəlindiyi bölgələr Qərbi və Mərkəzi Afrika (ümumi yayılma – 10,5 faiz) və Cənubi Asiya (15,7 faiz) olub.
Məqalə müəllifi vurğulayıb ki, aşağı və ortagəlirli ölkələrdə uşaqlar üçün ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Tədqiqatın diqqət mərkəzində olan yaş dövrü uşağın sağlam inkişafı üçün kritik əhəmiyyətə malikdir.
Məqalədə təklif olunur ki, yüksək qida dəyərinə malik məhsullara çıxış genişləndirilsin, analar və qəyyumlar düzgün qidalandırma ilə bağlı maarifləndirilsin, eləcə də səhiyyə sistemi möhkəmləndirilsin. Alim qeyd edib ki, hər bir ölkənin mədəniyyəti və cəmiyyətin xüsusiyyətləri nəzərə alınmalıdır.
(Lent.az)