AZ

İspaniyaya üz tutdu, Polşada alınmadı, “Qarabağ”dan onun adını çəkdi

“Qəbələ” transfer çalışmalarında geciksə də, yay fasiləsində komandaya qoşulan futbolçular ümid verir.

Təbii ki, aralarında ən diqqətçəkəni Liqa-1 təcrübəsi olan Adriel Ba Louadır.

Bu mənada İsaak Amoahın da müdafiə xəttinə fayda verəcəyi dəqiqdir. Məşqlərdə və yoxlama görüşlərində inamlı təsir bağışlayan qanalı mərkəz müdafiəçisi fiziki göstəricilərinə görə fərqlənir.

Futbolçu kimi İspaniyada püxtələşən 24 yaşlı afrikalı Sportinfo.az-a verdiyi müsahibəni təqdim edirik.

- Yeni ölkə, yeni klub, yeni mühit. Özünü necə hiss edirsən?

- Artıq yeni deyil, müəyyən vaxt keçib (gülür). Lakin hələ də komanda yoldaşlarımı tanımağa, məşqçilər heyətinin bizdən tələblərini öyrənməyə çalışıram. Bilmədiklərimi, öyrənmək istədiklərimi komanda yoldaşların sağ olsun, başa salırlar. İlk dönəmlər bir az çətin idi. Artıq alışmışam və hər şey ürəyimcədir.

- Azərbaycana gəlişin necə alındı?

- Agentlər vasitəsilə müəyyən təkliflər var idi. “Qəbələ”nin dəvətini görəndə, analiz etmək və qərar vermək üçün vaxtım var idi. Təhlillərdən sonra başa düşdüm ki, Azərbaycana yollanmaq faydalı olar. Klubun infrastrukturu, baş məşqçinin təcrübəsi, komandanın mütəmadi avrokuboklarda mübarizə aparması mənim üçün çağırış idi.

- Azərbaycan adı sənin üçün nə demək idi?

- Daha çox beynəlxalq arenalardakı komandalara görə tanıyırdım. Avrokubokları mütəmadi izləyirəm deyə, “Qarabağ”, əvvəlki adı “İnter” olan, “Neftçi” kimi komandaların adlarını eşitmişdim. Bəzi dostlarımdan Premyer Liqanın səviyyəsi barədə eşitmişdim. Bilirdim ki, güclü rəqabət var, klublar inkişaf yolunda böyük işlər görür.

- Gənc yaşlarında Qanadan İspaniyaya gəlib, bir neçə il orada oynamısan. La Liqa, Sequnda səviyyəsində futbolçu olmağına nə mane olub?

- İspaniyaya gəlib “Real Valyadolid”lə müqavilə bağlayanda 18 yaşım var idi. Lakin o yaşda əsas komandaya düşmək, meydana çıxmaq çətin görünürdü. Təcrübə toplamaq üçün başqa komandalara keçdim, oynadım. Elə məqamlar var ki, bəzən şans sənin tərəfində olmalıdır. İspaniyada futbolçu sayı həddən artıq çoxdur. Dediyiniz məsələ heç də hamıya nəsib olmur. Yaşım elə də çox deyil. Bəlkə də nə vaxtsa İspaniyaya qayıdıb, üst liqalarda oynaya bilərəm.

- “Poqon Siedlce”dəki (Polşa) 6 aylıq karyeranı necə xatırlayırsan?

- Özümü İspaniyadan kənardan sınamaq istəyirdim. Ötən ilin yayında müqavilə bağladığım klubda uğurlu olacağımı düşünürdüm. Lakin aldığım zədəyə və bəzi insanlarla problem yaşadığıma görə bu ilin əvvəlində İspaniyaya qayıtdım.

- “Qəbələ” Premyer Liqada nəyə nail ola bilər?

- Hər bir komanda kimi, biz də güclənməyə ehtiyac duyuruq. Bu gün heyətimiz elə də geniş deyil. Bir neçə futbolçunun gəlişi ilə yaxşı işlər görə bilərik. Gördüyüm budur ki, kollektivdə olan hər bir futbolçu xüsusi keyfiyyətlərə sahibdir. İstər təcrübəlilər olsun, istərsə də gənclər. Çempionat başlayana qədər indikindən də yaxşı forma yığıb, varlığımızı göstərməyə çalışacağıq.

- Tək müdafiənin mərkəzində yox, həm də yarımmüdafiədə oynamaq bacarığının olduğunu oxudum.

- Elədir, bəzi matçlarda dayaq yarımmüdafiəçisinin funksiyalarını yerinə yetirmişəm. Baş məşqçi tapşırıq verirsə, “oldu” deməliyik. Lakin mənim fikrimi bilmək istəyirsinizsə, müdafiənin mərkəzində özümü daha rahat hiss edirəm.

- Azərbaycanda oynamış, yaxud oynayan futbolçulardan kimləri şəxsən tanıyırsan?

- Bəzi tanışlarım burada oynayıb. Lakin heç biri ilə dost olmamışam. Məsələn, “Qarabağ”dakı Emmanuel Addai ilə tanışam, ancaq çox yaxın deyilik. İspaniyada bir-birimizə qarşı oynamışıq. Ara-sıra söhbətimiz olur.

HƏBİB

Seçilən
16
sportinfo.az

1Mənbələr