"Football-plus.az" xəbər verir ki, iki qələbə, bir heç-heçə, bir məğlubiyyətlə üç komandamız mərhələni adladı. “Qarabağ” “Şelburn”a, “Araz-Naxçıvan” “Aris”ə, “Sabah” isə “Petrokub”a güc gəldi. Oyunların ikisi Bakıda, ikisi səfərdə oldu. Əslində “Qarabağ”la “Sabah”ın mərhələ keçəcəyini ilk oyundan sonra təxmin etmək olardı. Xüsusən də “köhlən atlar”ın. Lakin “Araz-Naxçıvan”la “Zirə”nin işi çətin idi. Ölkə reytinqində Avropa futbolundan uzaqlaşdırılan Rusiyanı, nəhayət, keçə bildik. Qarşımızdakı rəqib isə Ukraynadı.
Bəs indiyə qədər qeydə alınan nəticələr ölkə klub futbolunun inkişafı deməkdimi? Dörddədörd etməyimizə nə mane oldu?
Bu sualları Arif Əsədova ünvanladıq:
“Əlbəttə, bu, inkişaf deməkdi. Məncə, ilk dəfə üç klubumuz birdən mərhələ adladı. Həmçinin ölkə reytinqinə də xeyli xal gətirdilər. Öz hesablatına da xal yazdırdılar. Bu da növbəti mövsümlərdə düşəcək rəqiblərin daha əlverişli olması deməkdi. Dörd klubumuzun üçü mərhələni adladı. Amma “Zirə” də göstərdiyi oyunla buna layiq olduğunu hiss etdirdi. Azlıqda qalsalar da, qol vurub oyunu əlavə vaxta apardılar. Komanda fiziki cəhətdən tam formalaşmayıb, bu da özünü göstərdi. Mövsümün əvvəlidi, zədəli futbolçuların və digər problemlərin olması sonda “Zirə”nin mərhələ keçməməyinə səbəb oldu. Ötən mövsümün sonunda legioner limitinin ləğvinin da klublarımızın inkişafına təkan verdiyini deyə bilərik. Artıq klublar legioner futbolçulara daha diqqətlə yanaşır. Gələn legionerlər də özlərini daha yaxşı tərəfdən göstərə bilirlər. Belə oyunlar klublarımızın artıq Avropa səhnəsində təcrübə toplamasına zəmin yaradır. “Zirə”nin ötən il pley-offa qədər irəliləməsi bu iki oyunda da özünü göstərdi. “Sabah”ın da işini çox yüksək qiymətləndirirəm. Belə görürəm ki, klublarımız yaxın illərdə “Qarabağ”ın uğurlarını təkrarlaya biləcək. “Qarabağ” haqda çox danışmışıq. “Qarabağ” artıq brenddi. Ağdam klubundan gözləntimiz Çempionlar Liqasının əsas mərhələsidi. Bunu istəyirik. Digər klublarımız Avropada yeni olduqları üçün onlara başqa, “Qarabağ”a başqa prizmadan yanaşırıq”.
MÜZƏFFƏR QULUZADƏ