AZ

Onlar təşəkkürə layiqdi - KÖŞƏ

Azərbaycan futbolu üçün daha bir məhsuldar həftəni geridə qoyduq.

Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edən dörd komandadan üçü yoluna davam edir. Düzdü, “Sabah” bir pillə geriləyib, səviyyəsi daha aşağı olan Konfrans Liqasına düşüb. Bununla belə, Masazır təmsilçisinin mərhələ adlaması ölkə futbolu adına xoş mənzərədi. Nəzərə almalıyıq ki, hər qələbə Azərbaycanın UEFA klub reytinqində mövqeyini yaxşılaşdırır, xal ehtiyatımız artır. Deməli, sevinmək üçün əsas var. Hər halda, Avropa Liqasında daha çətin rəqiblərin olduğu reallıqdı. Buna görə də “Sabah”ın orda uzun müddət davam gətirməyəcəyi də gözlənilən idi. Konfrans Liqasında isə daha çox irəliləmək, əsas mərhələyə qədər getmək mümkündü.

“Qarabağ” öz növbəsində Çempionlar Liqasına inamlı başlayıb. Azərbaycan çempionu “Şelburn”la oyunlarda hücumda o qədər də təhlükəli görünməsə də, rəqibini iki oyunun cəmində 4:0 hesabıyla üstələdi. Qapımızı toxunlmaz saxlamağı bacarmağımız özlüyündə sevindirici məqamdı.

Nəriman Axunzadənin çalışdığı, komandasına fayda vermək üçün əlindən gələni etdiyi gözümüzün önündədi. Buna nə qədər nail olması isə başqa söhbətin mövzusudu. Görünən odu ki, Nəriman ön xətdə tək qalanda, komanda yoldaşlarından dəstək görməyəndə rəqibin müdafiəçilərinin arasında itib-batır. Hücumda layiqli tərəfdaşı olanda, yarımmüdafiəçilər də kömək edəndə daha sərbəst oynayır, müdafiəçilərin gözündən yayınmağı bacarır. İlk oyundakı hesaba baxmayaraq, “Şelburn”un Bakıda da müdafiədən oynaması, beş futbolçunun daim istehkam rolunu oynaması “Qarabağ”ın hücumdakı effektliyinə birbaşa təsir edirdi. Nəzərə almalıyıq ki, “köhlən atlar” hələ formasının zirvəsində deyil. Deməli, gələcəklə bağlı nikbin düşünə bilərik. Artıq ən azı Konfrans Liqasının qrupu təmin olunub. Belədə transferlərin də davam edəcəyi, heyətin güclənəcəyi inandırıcı görünür. Bu isə “Qarabağ”ın gücünə güc qatılacağı deməkdi.

“Araz Naxçıvan” “Aris” səddini aşmaqla hamını təəccübləndirməyi bacardı. Yunanıstan təmsilçisi püşk atılandan sonra cütün favoriti sayılırdı. “Aris”in hətta Bakıdan qələbə ilə dönəcəyini, evdəki qarşılaşmaya qədər üstünlük qazanacağı belə söylənilirdi. Amma Elmar Baxşıyev və onun döyüşkən komandası bu proqnozları alt-üst etdi.

Mərdəkandakı oyunda qazanılan əzmkar qələbə “Araz Naxçıvan”ın səfərə yaxşı əhval-ruhiyyədə yollanmasını, mərhələ keçmək üçün şansların qorunmasını təmin etdi. Qalırdı Salonikidə bu üstünlüyü əldən verməmək. Bunun üçün müdafiədə diqqətli oynayıb, ələ düşən şansları dəyərləndirmək lazım idi. Hesab da ondan xəbər verirdi ki, “Aris” irəli atılacaq, naxçıvanlıları cəzalandırmağa çalışacaq. Elmar Baxşıyev də hazırlığı buna uyğun qurmuşdu. Plan da işə yaradı, “Araz Naxçıvan” 2:0 hesabıyla önə keçməklə rəqibi şoka salmağı bacardı. Qələbə əldən verilsə də, məhsuldar heç-heçə “Araz Naxçıvan”ı növbəti mərhələyə yüksəltdi.
“Araz Naxçıvan”ın bundan sonra nə qədər irəliləyəcəyini demək çətindi. Amma ortada danılmaz bir həqiqət var ki, o da komandamızın favorit sayılmadığı cütdə mərhələ adlamağı bacarmasıdı. Bu əzmkarlığı davam etdirmək, avrokuboklarda yolumuzu uzatmaq olar. Lap elə bu mümkün olmasa da, Elmar Baxşıyev və onun komandası artıq bir təşəkkürü haqq edib. Ümid edək ki, növbəti mərhələlərdə də qələbələrin davamını gətirib, rəqibləri şoka salmaq mümkün olacaq.

Bizi təəssüfləndirən məqam “Zirə”nin mərhələ adlaya bilməməsidi. Qəsəbə təmsilçisi Salifu Sumanın “Malmö”yə keçidiylə büdcəsini zənginləşdirsə də, heyətdə ciddi itkinin baş verdiyi danılmaz həqiqətdi. Utziqin də intizamsılığı və heyətdən uzaqlaşdırılması problemin üzərinə problem gətirdi. “Hayduk” kimi ciddi rəqiblə görüşdə belə detallar sonda həlledici olur, necə ki, oldu. “Zirə” adlı-sanlı rəqibə iki görüşdə uduzmadı, səfərdəki qarşılaşmada əzmkarlıq göstərib oyunu əlavə vaxta aparmağı da bacardı. Amma bundan artığını etmək mümkün olmadı.

“Zirə”nin də əzmkarlığını qeyd etməyi özümə borc bilirəm. Rəşad Sadıqovun yetirmələri çalışdılar, mübarizə apardılar. Təəssüf ki, bu əzmkarlıq mərhələ adlamaq üçün yetərli olmadı. “Zirə”nin ümidləri gələn mövsümə qaldı. Bizə qalan isə “Zirə”yə əzmkarlığına görə təşəkkür etməkdi. Düşünürəm ki, onlar bu təşəkkürə layiqdilər.

AMAL

Seçilən
23
1
football-plus.az

2Mənbələr