ABŞ mərkəzli texnologiya nəhəngi "Apple" tədbirdə 2025-ci ilin ikinci rübünə dair maliyyə hesabatını təqdim edib.
Valyuta.az xəbər verir ki, 2007-ci ildə ilk dəfə təqdim olunan "iPhone" bu günə qədər 3 milyard ədəd satılıb. Bu göstərici "Apple" üçün daha bir əlamətdar mərhələ deməkdir.
"iPhone" satış tarixçəsi
"Apple" ilk 1 milyardlıq satış göstəricisinə 2016-cı ildə - yəni ilk modelin satışa çıxmasından 9 il sonra çatıb. Həmin vaxt Tim Kuk "iPhone"u tarixdə dünyanı dəyişdirən ən uğurlu texnologiyalardan biri adlandırıb. Lakin sonrakı illərdə texnologiya dünyasında baş verən sürətli inkişaf bu cür açıqlamaların tonuna da təsir edib.
2 milyardıncı "iPhone"un nə vaxt satıldığına dair rəsmi açıqlama verilməsə də, analitiklər bu göstəricinin 2021-ci ilin sentyabrında əldə olunduğunu hesab edirlər. 2025-ci ildə isə şirkət 3 milyardlıq satış həddini keçdiyini rəsmən təsdiqləyib.
Tim Kuk bu mühüm mərhələni belə şərh edib: “Yaxın zamanda əhəmiyyətli bir dönüm nöqtəsinə çatmışıq. 2007-ci ildən bu yana 3 milyardıncı "iPhone"u satdıq”.