AZ

Putinin dirənişi, yoxsa Trampın qəzəbi: Putin Rusiyanı xilas edə biləcəkmi?

Rusiya Prezidenti Vladimir Putin bir daha göstərdi ki, Ukraynadakı müharibənin dayanmasına hazır deyil. O, ABŞ Prezidenti  Donald Trampın “müharibəni 10 gün ərzində dayandır” təklifinə vaxtın başa çatmasını gözləmədən rədd cavabı verdi. Bu, Qərbin Rusiya ilə bağlı mövcud siyasətinə Kreml rəhbərliyinin cavabı kimi dəyərləndirilə bilər.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Putinin bu cavabının arxasında bir neçə əsas faktor dayanır.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

” Putin susqunluğunun arxasında müəyyən səbəblər var idi. Ona görə Putinin məqsədi başqa idi. Burada bir neçə səbəb var:

1. Cəbhədə üstünlük axtarışı və genişlənən hücumlar

Hazırda Rusiya ordusu cəbhənin bir neçə istiqamətində hücum əməliyyatlarını genişləndirir. Bu səbəbdən də Moskva atəşkəs rejiminin elan olunmasını strateji məqamlara zidd hesab edir. Putinin məntiqinə görə, müharibə bitəcəksə, bu yalnız onun şərtləri ilə baş verməlidir – yəni hərbi üstünlük tam təmin olunandan sonra.

Cəbhə xəttində dronlardan və artilleriyadan geniş şəkildə istifadə olunur. Xüsusilə pilotsuz uçuş aparatlarının istehsalında müşahidə olunan əvvəlki geriləmə aradan qaldırılıb. Rusiya hərbi-sənaye kompleksi bu sahədə fəaliyyətini sürətləndirib.

2. Sanksiyalara qarşı laqeydlik və daxili iqtisadi yük

Putinin Trampın təklifini rədd etməsinin digər səbəbi ABŞ və Qərbin tətbiq etdiyi sanksiyaların artıq Kremldə ciddi narahatlıq doğurmamasıdır. Trampın öz açıqlamalarında belə, Rusiyaya qarşı yeni sanksiyaların effektivliyinə şübhə ilə yanaşması, Putinin “sanksiyalardan qorxmuram” ritorikasını daha da gücləndirib.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, müharibənin Rusiyaya iqtisadi təsiri inkar olunmur.

“İqtisadi sektora rəhbərlik edən şəxslər də son zamanlar açıq şəkildə bildirirlər ki, hərbi xərclər dövlət büdcəsi üçün ciddi yükə çevrilib. Hər ay minlərlə hərbçinin həlak olması isə ölkənin insan resurslarına ağır zərbə vurur. Müharibənin davam etməsinin daha geniş miqyaslı səbəbləri də var. Rusiya Prezidentinin əsas məqsədlərindən biri Ukraynanın suverenliyini zəiflətmək, onu geosiyasi baxımdan parçalanmış vəziyyətə salmaqdır. Hədəf yalnız ərazi işğalı deyil, həm də Ukraynanın gələcəkdə NATO və ya Aİ ilə yaxınlaşmasının qarşısını almaqdır.

Bu baxımdan Putinin hakimiyyətdə olduğu müddətdə Ukrayna ilə bağlı strategiyasından vaz keçəcəyi ehtimal olunmur. Əksinə, hərbi və siyasi təzyiqlərin daha da artması mümkündür. Putinin Trampın təşəbbüsünü rədd etməsi bir daha göstərdi ki, Rusiya sülh danışıqlarına deyil, hərbi üstünlük yolu ilə istədiyini əldə etməyə çalışır. Bu isə o deməkdir ki, yaxın dövrdə müharibənin bitəcəyi ilə bağlı nikbinlik reallığı əks etdirmir. Kiyev və digər şəhərlərin bombalanması, mülki itkilərin davam etməsi və iqtisadi gərginlik fonunda Rusiya-Ukrayna münaqişəsi region üçün ciddi təhlükə olaraq qalacaq.” – deyə Arzuman Muradlı bildirib.

Seçilən
11
moderator.az

1Mənbələr