Mütəxəssislər yataq otağında sağlamlığa zərər verən üç əşyanı aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Kaliforniyalı qastroenteroloq, Harvard Universitetinin məzunu doktor Saurabh Seti araşdırma aparıb.
O, gündəlik həyatda istifadə olunan, lakin sağlamlığa gizli zərər verə bilən üç yataq otağı əşyasından imtina etməyə çağırıb. Söhbət köhnə yastıqlardan, sintetik hava təravətləndiricilərindən və istifadə müddəti 7–10 ili keçmiş döşəklərdən gedir.
Həkimin sözlərinə görə, köhnə yastıqlarda toz, tər və allergenlər toplanır. Araşdırmalar göstərir ki, belə yastıqlarda mikroskopik gənələr də yaranır. Əgər yastığın yaşı 1–2 ili keçibsə, onu dəyişmək tövsiyə olunur.
Setinin fikrincə, xüsusi təhlükə mənbəyi olan digər əşya isə sprey şəklindəki hava təravətləndiriciləridir. O bildirir ki, bu məhsullar ftalatlar və uçucu orqanik birləşmələr (VOC) yayır. Bu maddələr tənəffüs problemləri, hormonal pozğunluqlar və hətta beyin funksiyalarına təsir göstərə bilər.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) görə, bu maddələrin qısa müddətli təsiri baş ağrısı, başgicəllənmə və diqqət pozğunluğu, uzunmüddətli təsiri isə ağciyər və ürək problemləri, sonsuzluq riski və xərçəng ehtimalının artması ilə nəticələnə bilər. Alternativ olaraq isə yataq otağında efir yağlarından istifadə tövsiyə olunur.
Bundan başqa, həkim köhnə döşəklərin də vaxtında dəyişdirilməsini vacib sayır. Onun fikrincə, döşəklərin istifadə müddəti 10 ili keçməməlidir. Bu müddətdən sonra döşək elastikliyini itirir və bel ağrılarına səbəb ola bilər. 2023-cü ildə aparılmış bir araşdırma köhnəlmiş döşək ilə yuxu keyfiyyətinin pozulması arasında birbaşa əlaqə olduğunu təsdiqləyib.
Doktor Seti vurğulayır ki, bu əşyalardan qurtulmaq sağlamlığın və yuxunun keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına səbəb ola bilər.
Bizim.Media