"Rusiya "şərt yox, məqsəd"deyir, Belarus isə Ukraynanı diz çökdürməyə çağırır..."
Avqustun 1-də Kareliyada baş tutan Putin-Lukaşenko görüşü əslində sülh danışıqlarından çox təzyiq və manipulyasiya mesajları ilə yadda qaldı.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
Məlumatda deyilir ki, Lukaşenko öz ampluasında Ukraynanı təslimçiliyə çağırıb, Putin isə yenə "məqsədlərini" xatırladıb və Trampın tənqidlərinə "filosofcasına" cavab verib.
"Ukrayna tezliklə yalvarmalıdır"
Özünü Belarus prezidenti adlandıran Aleksandr Lukaşenko görüş zamanı Ukraynaya "Putinə yalvarmağı" tövsiyə edib. Onun fikrincə, Ukrayna tez bir zamanda "Vladimir Vladimiroviç, gəlin razılaşaq" deməlidir. Əks halda, Rusiya "hər şeyi bir-bir qoparıb" tam ələ keçirəcək və daha da irəliləyəcək.
Putin isə dərhal ona düzəliş edərək "qoparmaq yox, geri qaytarmaq" ifadəsini işlədib. Lukaşenko bu "islahata" gülərək razılaşıb və əlavə edib ki, "bunu istəyənlər özləri bu danışıqlara qaçacaq". Bu çıxışlar açıq şəkildə Kremlin istədiyi kapitulyasiyanı "sülh prosesi" kimi təqdim etmək cəhdidir.
"Şərt yox, məqsədlər var"
Putin görüş zamanı Ukraynada müharibənin dayandırılması üçün "Moskvanın şərtlərini" deyil, "məqsədlərini" açıqladığını bildirib. Onun sözlərinə görə, bu məqsədlər 2023-cü ilin iyununda Rusiya XİN rəhbərliyi ilə görüşdə formalaşdırılıb və əsas hədəf guya "böhranı doğuran səbəbləri aradan qaldırmaqdır".
O, "humanitar məqsədlər" adı altında rus dilinin qorunması, Moskva patriarxatına bağlı kilsələrin saxlanması və Rusiya ilə Ukraynanın "ümumavropa təhlükəsizliyi kontekstində" eyni səviyyədə "təhlükəsizlik zəmanətləri" almasını tələb edir. Bu tələblər Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki real vəziyyəti tam inkar edən, suveren Ukraynanı daxildən yenidən dizayn etməyə çalışan yanaşmadır.
"Məyusluq - həddindən artıq gözləntilərin nəticəsidir"
ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son bəyanatlarında ifadə olunan "məyusluğa" da Putin dolayısı ilə reaksiya verib. "Bütün məyusluqlar həddindən artıq gözləntilərdən doğur" - o, bildirib və əlavə edib ki, sülhə ancaq "sakit və qapalı danışıqlar yolu ilə" nail olmaq mümkündür. Əslində isə Kreml hər dəfə "sakit danışıqlar" çağırışı edərkən, bir tərəfdən cəbhədə hücumlarını davam etdirir, digər tərəfdən isə "gələcəyin Ukraynası" üçün yeni sərhədləri diktə etməyə çalışır.
"Sanksiyalar? Yoxdur!" - Lukaşenkonun istehzası
Görüşdə Lukaşenko Qərbin tətbiq etdiyi sanksiyalara da toxunaraq onları "mövcud olmayan" adlandırıb. Onun sözlərinə görə, sanksiyalara yalnız işləmək istəməyənlər bəhanə kimi baxır. "Dünya açıq qapılarla doludur, kimsə birini bağlayırsa, başqasını açmaq olar", - o, qeyd edib. Bu sözlər Rusiya və Belarusun beynəlxalq təcridə rəğmən, özlərini uğurlu və möhkəm göstərmək cəhdinin bir parçasıdır.
Sülh maskası altında ultimatum
Putin və Lukaşenkonun çıxışları bir daha göstərir ki, Rusiya "sülh danışıqları" anlayışını əslində Ukraynanı güzəştlərə məcbur etmək üçün alətə çevirib. Danışıqlar yalnız Kremlin diktə etdiyi "məqsədlər" ətrafında aparıla bilər, bu isə real sülh yox, zorla qəbul etdirilən kapitulyasiyadır.