Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Adışov Qüdrət Rahim oğlu və Hüseynov Valeh Mirzə oğlunun xatirəsinə həsr olunan "Şəhidlər ölməz, Vətən bölünməz" adlı anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hər iki şəhidimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbirin iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirən videomaterial təqdim olunub, onların döyüş yolu haqqında ətraflı məlumat verilib, vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.