AZ

Kremlin kamerasından danışan rejissor Mixalkovun sərsəmləməsinə cavab

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın məşhur kinorejissoru Nikita Mixalkov müəllifi olduğu "Besogon TV" proqramında Azərbaycan və Prezidenti əleyhinə riyakar və saxtakar fikirlərə yer verib. Azərbaycanla bağlı ittihamlar təkcə siyasi deyil, həm də mənəvi dəyərlər baxımından heç bir halda qəbuledilən deyil. Mixalkov proqramın son buraxılışında əsassız olaraq, açıq şəkildə Azərbaycanı və digər postsovet ölkələrini rusofobiya yaymaqda, millətlərarası düşmənçiliyi qızışdırmaqda ittiham edir.

Halbuki Azərbaycan hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalmış bir ölkədir. Azərbaycan daim Rusiya ilə münasibətlərdə balanslı siyasət yürütməyə çalışıb, ikitərəfli əməkdaşlığa önəm verib, mədəni və tarixi bağları qoruyub. Amma yanaşma birtərəfli şəkildə qarşılıqsız qalanda və ictimai fikirdə yanlış təəssüratlar yaradılmağa çalışılanda reallıqları səsləndirmək bir zərurətə çevrilir.

Reallıq da bundan ibarətdir ki, Rusiyada müəyyən dairələrin, xüsusilə Mixalkov və onun kimi iyrənc, barbar-mağara təfəkkürlü fiqurların keçmiş imperiya psixologiyasından əl çəkə bilməməsi, qonşu ölkələrə yuxarıdan-aşağı baxması problemin kökündə duran əsas amillərdəndir. Millətlərarası münasibətləri pozan, digər xalqların dövlətçilik işlərinə müdaxilə edən, suveren ölkələrin daxili siyasətinə etinasız münasibət göstərən və qarışan tərəf həmişə Moskva olub.

Azərbaycan Prezidenti və dövlət institutlarının milli maraqları müdafiə etməsi, suverenlik prinsiplərini rəhbər tutması isə müstəqil dövlətin təbii və legitim hüququdur.

Mixalkov da, onun saxtakar təfəkküründə olanlar da başa düşməlidirlər ki, xalqlar arasında hörmət, bərabərlik və qarşılıqlı etimad olmadan əməkdaşlıq mümkün deyil. Azərbaycan rus xalqı ilə dostluq və tarixi bağlara hörmətlə yanaşsa da, bu dostluq əsla birtərəfli diktə şəklində ola bilməz. Tərəfdaşlıq yalnız qarşılıqlı hörmət üzərində qurula bilər.

Bununla bağlı çoxsaylı nümunələr də mövcuddur.

Məsələn, Azərbaycan Rusiya ilə hər zaman humanitar sahədə sıx əməkdaşlıq edib. Təkcə Moskvada deyil, digər Rusiya şəhərlərində də Azərbaycan diaspor təşkilatları mədəni tədbirlər keçirib, xalqlar arasında körpü rolunu oynayıblar. Amma həmin Rusiya bu gün Azərbaycan diasporlarına hücum edib vandalizm hərəkətləri törədir.

Azərbaycanda rus dilinə hər zaman hörmətlə yanaşılıb. Çox sayda məktəblərdə rus dili tədris olunur. Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. Amma Rusiyada azərbaycandilli insanlar hədəf alınırlar, qeyri-adekvat münasibət sərgilənir.

Rusiya Azərbaycanın vaxtilə müharibə şəraitində olduğu, ərazilərimizi uzun illər işğalda saxlayan Ermənistana ən mümkün dəstəyini göstərməklə işğalın uzanmasında rol oynayıb.

Rusiya Ermənistana uzun illər ərzində pulsuz və ya güzəştli qiymətlərlə silah verib. Bu, Azərbaycan ərazisinə qarşı istifadə edilib.

Azərbaycan yalnız öz gücü ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə isə birgünlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü bərpa edib.

Elə həmin illərdə (2020-2023) Qarabağdakı Rusiya sülhməramlıları bir çox hallarda erməni tərəfinin təxribatlarına göz yumub, Azərbaycanın suveren hüquqlarına hörmətsizlik ediblər.

25 dekabr 2024-cü ildə isə Rusiya tərəfi bu münasibətlərə zərbə vuran ən iyrənc üsullardan birinə əl atıb. Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Təyyarənin məhz Rusiya tərəfindən vurulması təsdiqini tapsa da, Moskva bu günə qədər Azərbaycana qarşı bu məsələdə heç bir müsbət addım atmayıb.

Bütün bunların fonunda Mixalkov kimilərinin də bu əxlaqsız davranışları müdafiə edib, üstəlik, Azərbaycanın ünvanına ittihamlar səsləndirmələri Rusiyanın dövlət səviyyəsində bu ritorikaya göz yumduğunu göstərir.

Mixalkovun sərsəmləməsi yalnız regionda yeni gərginliklərə, qarşılıqlı inamsızlığa xidmət edir. Azərbaycanın mövqeyi isə aydındır: suverenlik, qonşuluq, hörmət və əməkdaşlıq. Bu dəyərlər istənilən ittihamdan daha güclüdür. Necə ki, bu dəyərləri rəhbər tutan ölkə - Azərbaycan güclüdür.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
oxu.az

1Mənbələr