BAKI, 2 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın "müharibəni dayandır" təklifinə ona verilən 10 günün bitimini gözləmədən "yox" dedi.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putinin bu qərarının arxasında bir neçə səbəb dayanır.
"Birincisi, Rusiya hazırda cəbhə xətti boyunca hücumlarını genişləndirdiyi mərhələdə atəşkəsə razılaşmaq niyyətində deyil. İkincisi, ABŞ-nin yeni sanksiyaları Kreml üçün ciddi təzyiq vasitəsi hesab edilmir. Tramp da son açıqlamalarında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacağını desə də, onların təsirli olacağına şübhə etdiyini bildirib".
Politoloq deyib ki, bu fonda Putin müharibəni davam etdirməkdə qərarlıdır.
"Ukraynanın, o cümlədən paytaxt Kiyevin bombalanması, mülki itkilərin artması ehtimalı yüksək olaraq qalır. Rusiya hazırda döyüş bölgəsində say üstünlüyündən yararlanmağa çalışır və pilotsuz uçuş aparatlarının istehsalında da əvvəlki geriləməni aradan qaldırıb. Buna baxmayaraq, müharibə Rusiya üçün ciddi itkilərə səbəb olur. Hər ay minlərlə hərbçisini itirən Rusiya iqtisadi cəhətdən də çətinliklərlə üzləşir. Rəsmi şəxslər artıq bu yükün dövlət büdcəsinə ağır təsir etdiyini açıq etiraf edirlər".
Elxan Şahinoğlunun fikrincə, bütün bu itkilərə baxmayaraq, Putin hakimiyyətdə olduğu müddətdə Ukraynanı parçalamaq planından əl çəkməyəcək.