Braziliya hökuməti ABŞ rəhbərliyi ilə dialoqa açıq idi, lakin indi o, Vaşinqtonun əlavə tarif tətbiq etməsinə müvafiq cavab hazırlayır. Bunu respublika prezidenti Luiz İnasio Lula da Silva X sosial şəbəkəsində yazıb.
"Biz hər zaman dialoqa açıq olmuşuq, hazırda ABŞ-ın tarif tədbirlərinə cavab üzərində işləyirik", - bəyanatda deyilir.
Dövlət başçısının sözlərinə görə, yerli sakinlər və qurumlar Braziliyanın inkişaf kursunu müəyyən edə bilərlər. Bu, xüsusən də Ağ Evlə münasibətlərə aiddir.
İyulun 31-də ABŞ prezidenti Donald Tramp 60-dan çox ölkədən gələn mallara 15%-dən 41%-ə qədər tariflərin tətbiqi haqqında sərəncam imzalayıb.
Amerika lideri Braziliya mallarına əlavə 40% rüsum tətbiq edib. Vaşinqton belə tədbirlərin Braziliya hökumətinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “fövqəladə təhlükə” yaradan son hərəkətlərinə cavab olaraq görüldüyünü izah edib.
Bundan əlavə, tarif artımının Braziliyada keçmiş prezident Jair Bolsonaronun “siyasi motivli” məhkəməsi ilə əlaqədar həyata keçirildiyi bildirilib. Əlavə tarifin qəbulu nəticəsində Braziliya mallarına tətbiq edilən tariflərin ümumi məbləği 50%-ə çatacaq.
Əziz MUSTAFA