ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Mərkəzi Amerika ölkəsi olan El Salvadorda “diktatura qurmaq”da ittiham olunan Prezident Nayib Bukele üçün məhdudiyyətsiz prezidentliyə namizədlik yolu açılıb.
"Cebheinfo.az" xəbər verir ki, Bukelenin partiyasının üstünlük təşkil etdiyi parlament Konstitusiyada geniş dəyişikliklər edərək prezidentlik müddətini 5 ildən 6 ilə uzadıb.
Eyni zamanda, prezidentin yenidən namizəd olmasına dair bütün məhdudiyyətlər ləğv edilib.
Müxalifətdə olan ARENA (Milli Respublikaçı Alyans) partiyasının millət vəkili Marcela Villatoro parlamentdə çıxışı zamanı bu dəyişikliyi tənqid edərək “El Salvador’da demokratiya öldü” deyib:
“Limitsiz şəkildə yenidən seçilmə səlahiyyəti gücün bir əldən idarə olunmasına, korrupsiyaya və nepotizmə gətirib çıxarır. Bu da demokratiyanı və siyasi iştirakçılığı zəiflədir”.
İnsan Haqları İzləmə Təşkilatının Amerika üzrə direktoru Juanita Goebertus isə bu vəziyyəti belə dəyərləndirib:
“Bu proses xalqın dəstəyindən istifadə edərək bütün gücü öz əlində toplayan liderlə başlayır və diktatura ilə nəticələnir”.
“Cristosal” adlı insan haqları təşkilatının rəhbəri Noah Bullock isə deyib:
“Tətildən bir gün əvvəl, heç bir müzakirə olmadan, ictimaiyyətə məlumat verilmədən, tək bir səsvermə ilə siyasi sistem dəyişdirildi. Prezidentin müddətsiz hakimiyyətdə qalmasının qarşısı açıldı. Bu, avtoritarların klassik metodudur”.
Bukele 2021-ci ildə konstitusiyada açıq şəkildə qoyulan qadağaya baxmayaraq, ali məhkəmənin qərarı ilə ikinci dəfə prezidentliyə namizəd olmuş və 2024 seçkilərində qalib gəlmişdi.
Həmin məhkəmədə isə Bukelenin dəstəklədiyi hakimlər təyin olunmuşdu və onlar qərarlarında “yenidən namizəd olmağın insan hüququ” olduğunu iddia etmişdilər.
Yeni islahatla birlikdə Bukelenin hazırkı prezidentlik müddəti iki il azaldılaraq 2027-ci ilə endirilib və digər seçkilərlə sinxronlaşdırılıb. Beləliklə, prezident, parlament və yerli seçkilər eyni gündə keçiriləcək. Qeyd edək ki, Bukele son dövrlərdə tanınmış bir insan haqları fəalını həbs etdirib və onlarla jurnalistin ölkəni tərk etməsinə səbəb olub.
Nigar Hacılı
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.