- Nəğmə olmaq istəyirəm, ay ana!
- Ol, ay bala, anan qurban boyuna
(sizin sevimli şairiniz Nəbi Xəzridən)
Siz azərbaycanlılar nə qəribə adamlarsız e... Dəli olmağınız, qıcıqlanmağınız üçün kimsə şah damarınıza basmalıdı... Bizim (yoxsa sizin?) Nikol Paşinyan 2019-cu il avqustun 5-də Stepanakertdə (sizin Xankəndi) çaşıb “Qarabağ Ermənistandı və nöqtə” dedi, anadan əmdiyi südü burnundan gətirdiz. Qarabağı götürdüz, sərhədi istədiyiniz kimi çəkirsiz, Zəngəzur dəhlizi ilə bağlı ultimatum verirsiz.
İndi də düşübsüz Cici Bekalinin üstünə. Nədi-nədi, deyib ki, “Qarabağ” bizim səviyyədə deyil, oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik”. Daha bilmirəm ki, “Qarabağ”a görə dəliyə dönübsüz, yoxsa Qarabağa görə? Bu toponim ağlınızı başdan almaq üçün kifayətdi. Qarabağ sizindi də, başqa nə istəyirsiz? Sizin mətbuatı oxuyuram, Bekalini məşhər ayağına çəkirsiz, onun dediklərinə münasibət öyrənmədiyiniz futbol adamı qalmadı...
Sən Allah, işiniz-gücünüz yoxdu? Bir səhv idi, etdi də. Futbolda özündənrazılıqdan, müştəbehlikdən pis daha nə ola bilər?! Yaşıl meydana çıxdınsa, şanslar bərabərləşir. Bekalini siz yox, “Şkendiya” cəzalandırdı, Qurban Qurbanova ehtiyac qalmadı. Onun adı da, soyadı da “-an” ilə bitir. Ermənistanda da Bekali kimi həyasızlar çoxdu, onu belə məsələlərdə bulağa susuz aparıb, susuz gətirərlər.
Bir ara burda dedilər ki, adı, soyadı “-an” ilə bitirsə, bəlkə Qurban Qurbanovu da öz adımıza çıxaq, etnik mənşəyini araşdıraq. Sonra bir-iki oxumuş adam tapıldı, qalan camaatın başına ağıl qoydular ki, onsuz da dünya bizi məsxərəyə qoyur, ağ etməyin.
Hə, göz dəyməsin, biz artıq ağıllanmışıq, futbolda da yerimizi bilirik, Qafqazda da. Düzdü, sizdən çox geri qalırıq. Amma belə görürəm ki, dostlaşacağıq, gediş-gəliş başlayacaq, hər şey əvvəlki kimi gözəl olacaq. Kim bilir, bəlkə “Qarabağ”ın gələnilki ÇL oyunlarını elə Lenin adına (siz indi “Bəhramov” deyirsiz) stadionun tribunalarından birgə izlədik. Ara, mütləq görüşəcəyik!
AŞOT MANUÇARYAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta