Azərbaycan enerji siyasətində yeni bir səhifə açır. Bu dəfə diqqət mərkəzində təkcə enerji təhlükəsizliyi deyil, həm də sülhə və sabitliyə verilən töhfə dayanır.
Proses təkcə iqtisadi və enerji layihəsi deyil, eyni zamanda 14 illik vətəndaş müharibəsinin dağıtdığı bir ölkəyə siyasi dəstək və humanitar jest kimi də qiymətləndirilir. Azərbaycanın bu addımı bölgədə yeni əməkdaşlıq imkanlarının və sülh təşəbbüslərinin yaranmasına zəmin yaradır.
Mövzunun əhəmiyyətini və arxa planını Bakıvaxtı.az olaraq enerji məsələləri üzrə ekspert İlham Şabanla müzakirə etdik.
Müsahibəni təqdim edirik.
- İlham bəy, Azərbaycan Türkiyəyə Suriya üzərindən qaz tədarük edəcək. Bu layihə barədə ətraflı məlumat verə bilərsinizmi?
- Azərbaycanın Türkiyəyə tədarük edəcəyi qazın illik həcmi 1,2 milyard kub metr olacaq. Hazırda ilkin mərhələdə 500 milyon kub metr qazın tədarükü nəzərdə tutulub. Bu addım siyasi və humanitar anlamda böyük əhəmiyyət daşıyan addımdır.
- Enerji sahəsində bu addımın Suriyaya necə təsir edə biləcəyini düşünürsünüz?
- 14 il vətəndaş müharibəsi keçirmiş bir ölkə üçün enerji infrastrukturu həyati əhəmiyyət daşıyır. Azərbaycanın bu layihədə iştirak etməsi bir növ o ölkəyə ümid və dəstək mesajıdır. Məsələ təkcə qazın həcmi ilə ölçülmür, məsələ onun hansı kontekstdə və hansı niyyətlə verilməsidir. Bu, humanitar bir jestdir. Azərbaycan Suriya xalqına "borunun ucundakı işığı" göstərir.
- Bu layihə bölgədəki sabitliyə necə təsir göstərə bilər?
- Bu cür layihələr siyasi sabitliyə müsbət təsir göstərir. Enerji, regionlarda əməkdaşlığı gücləndirən bir vasitədir. Azərbaycanın Suriyaya yanaşması göstərir ki, biz bölgədə sülh və sabitlik istəyirik. Ümid edirik ki, bu işıq tezliklə yanacaq və Suriyada əmin-amanlıq bərpa olunacaq.
- Siz bu təşəbbüsə necə qiymət verirsiniz?
- Bu təşəbbüs təqdirəlayiqdir. Azərbaycanın sülhə töhfə verən addım atması onun regional lider kimi mövqeyini daha da gücləndirir. Atatürkün dediyi kimi: “Yurdda sülh, cihanda sülh”. Biz də istəyirik ki, bu sülh dalğası bütün dünyada yayılsın. Azərbaycanın da bu sülhdən payı olsun.
Əli Hüseynov