Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ciddi problemlər var".
Bu sözləri "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, ölkəmizdə əhalinin bölgələr üzrə paylanması doğru getməyib:
"Paytaxt Bakı həddindən çox yüklənib. Bütün sənaye müəssisələri, şirkətlər, ali məktəblər, səhiyyə ocaqları əsasən Bakıda cəmləşib. 1990-cı illərdə müstəqilliyin ilk illərində buna o qədər də diqqət ayrılmırdı. Lakin bu gün qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə bu problemlər qabarıq görünür.
Bakının yüklənməsinin əsas səbəbi xaotik şəhərsalma və plansız urbanizasiya oldu. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkənin şərqində paytaxta və iri şəhərlərə məcburi köçkün axını baş verdi. Erməni işğalı həm də ətraf mühitə ciddi zərbələr vurdu".
Ekspert qeyd edib ki, 30 il ərzində su resurslarımız çirklənməyə məruz qaldı, ekosistemə qarşı vandalizm həyata keçirildi:
"Meşə zolaqları məhv edildi, təbii sərvətlərimiz standartdan kənar üsullarla yağmalandı. İndi Qarabağ azaddır. İşğaldan azad olunmuş bölgədə iki iqtisadi rayon yaradılıb.
Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti quruculuq işləri gedir. Amma qarşıda ciddi problemlər var. Onlardan biri bölgədə təhlükəsizliyi təhdid edən, ekosistemə bu gün də zərər vuran mina və partlamamış surstalar problemidir.
Minalar təmizlənmədən 30 il becərilməmiş torpaqlarda aqrotexniki işlər aparmaq çətindir. Ermənilər su mənbələrimizi ciddi çəkildə çirkləndiriblər. Su anbarlarında yenidənqurma işləri aparılmalı, Qarabağın susuz qalmış Aran kəndləri suvarma suyu ilə təchiz edilməlidir. Bakıda və iri şəhərlərdə də görüləsi işlər çoxdur".
Onun sözlərinə görə, nəqliyyat tamamilə bərpa olunan enerjiyə keçməli və tıxac problem həll edilməlidir:
"Ali məktəblərin bir qismi digər şəhərlərə köçürülərsə, Bakının yükü azalmış olacaq. Qlobal iqlim dəyişikliyini fəsadları ilə mübarizə dövründə görüləsi işlərdən biri də içməli suya qənaətdir.
Son vaxtlar paytaxt Bakıda mənzillərə su fasilələrlə verilir. Bunun əsas səbəbi içməli su mənbələrimizin azalması, çaylarda su səviyyəsinin aşağı düşməsi və su xəttinə qanunsuz qoşulmalardır. Bu gün bütün vətəndaşlar suya qənaət etməlidir".
Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycan qarşıdakı 10 ildə su problemi yaşayacaq ölkələr sırasındadır:
"Bir sıra dünya ölkələri susuzluğun yaratdığı çətinliklərlə üzləşib. Artıq indidən su münaqişələrinin əlamətləri hiss olunur.
10 ildən sonra müharibələr su mənbələrinə çıxış üzərində olacaq. Ona görə də suya qənaət ölkəmizdə bir nömrəli vəzifə olmalıdır. Suvarma sistemi təkmilləşdirilməli və ağıllı su idarəetməsinə keçilməlidir".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər:
Azərbaycan su problem ekoloq Elman Cəfərli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.