AZ

Azərbaycanda bu şəxslər böyük ziyana düşüb sabiq deputat çağırış etdi: məmur monopoliyası...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rayonlarda hektarlara ərazidə tərəvəz yetişdirən fermerlər ziyana düşüblər. Bu haqda televiziyalarda, sosial şəbəkə səhifələrində məlumat paylaşılır. Fermerlər deyirlər ki, bazar tapa bilmirlər, o üzdən məhsulları zay olur. Nəticədə borca düşürlər, banklardan götürdükləri kreditləri ödəməkdə çətinlik çəkirlər.

Bu ağır vəziyyətin əsas səbəbi kimi bazarlarda mövcud olan məmur monopoliyasıdır. Bildirilir ki, yerli icra orqanları və bir sıra məmurlar fermerlərin məhsullarını bazara çıxarmasını əngəlləyir, bazar oyunlarını öz nəzarətləri altına alıblar. Hətta eyni rayonda təsərrüfat quran məmurlar və onlara yaxın şəxslər digər fermerlərin tarlalarını sulamaq üçün onlara mane olur. Artıq bununla bağlı şikayətlər yayılır. Bu monopolist “müdaxilələr” fermerləri iflasa sürükləyir və onların əməyinin qarşılığını almaq şansını sıfıra endirir.

Dövlət ziyana düşən fermerə nə kimi dəstək verməlidir? Məsələn, 10 hektar torpağı olan kəndli onu öncədən sığortalaya bilərmi ki, məhsul batan zaman ziyanın bir hissəsi qarşılansın?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, məsələ son dövrlərdə gündəmə gəlsə də, əslində bu, uzun müddətdir mövcud olan ciddi problemdir.

O, deputat olduğu dövrlərdə Milli Məclisdə dəfələrlə bu məsələlərə toxunduğunu vurğulayıb:

“Bu gün ölkədə kənd təsərrüfatı məhsullarını istehsal edən vətəndaşların əsas problemi həmin məhsulları bazara çıxarıb satmaqdır. Bu, sadəcə Lənkəran-Astara bölgəsində deyil, Quba-Xaçmaz zonasında da aktualdır. Məsələn, Xaçmaz və Quba kimi iri kənd təsərrüfatı rayonlarında cəmi bir ədəd konserv zavodu fəaliyyət göstərir. Bu zavod da məhsulu ucuz qiymətə qəbul edir. Vəziyyət dəfələrlə gündəmə gətirilsə də, əsaslı dəyişikliklər müşahidə olunmur. Əslində kənd təsərrüfatı ilə məşğul olan bölgələrdə emal müəssisələrinin – konserv, qurutma, qablaşdırma və s. yaradılması vacib məsələdir. Əgər fermer məhsulunu bazarda sata bilmirsə, onu emal müəssisəsinə təhvil verib heç olmasa müəyyən gəlir əldə etməlidir. Bu isə dövlətin xüsusi dəstəyi ilə mümkündür. İndiyədək dörd regional iqtisadi inkişaf proqramı qəbul olunub və bu proqramlar çərçivəsində yollar, qaz, işıq və digər infrastruktur layihələri həyata keçirilib. Amma yeni emal müəssisələrinin yaradılması sahəsində ciddi boşluqlar qalmaqdadır”.

Vahid Əhmədov deyib ki, bu sahədə vəziyyəti dəyişmək üçün kifayət qədər gecikmişik:

“Hazırda istər cənubda, istər şimalda, istərsə də aran bölgəsində kənd təsərrüfatı məhsullarını emal edəcək müəssisələrin sayı azdır. Bu müəssisələrin yaradılması üçün sahibkarlara əlverişli şərait, o cümlədən aşağı faizli kreditlər təklif edilməlidir. Eyni zamanda, biz hələ bir neçə gün əvvəl urbanizasiya məsələsindən danışdıq: kəndlər boşalır, insanlar şəhərlərə köçür. Bu da həmin kompleks problemin tərkib hissəsidir. Dövlətin bu proseslərə qarşı xüsusi proqramı olmalıdır. Təəssüf ki, proqramın hazırda praktik tətbiqini görmürük. Sadə bir misal: Xaçmaz pomidoru ölkədə keyfiyyətinə görə ən yaxşı məhsullardan sayılır. Amma bu məhsul sahələrdə çürüyür, çünki onu bazara çıxarmaq və satmaq mümkün deyil. Fermer əməyinin qarşılığını ala bilməyəndə, növbəti il üçün plan qurmaqdan imtina edir”.

İqtisadçı bildirib ki, bu sahədə sığorta sistemi də təkmilləşdirilməlidir:

Həmçinin oxuyun:

Azərbaycanda bu məhsul 10 qat baha satılır – Hər kəs narazıdır

Vahid Əhmədov

“Əgər fermer məhsulunu sata bilmirsə və ziyana düşürsə, bu ziyan xarici ölkələrdə olduğu kimi, bizdə də sığorta vasitəsilə kompensasiya olunmalıdır. Hazırda isə fermerlər nə sığortadan yararlanır, nə də alternativ çıxış yolu tapa bilir. Bütün bu məsələlərin həlli kompleks tədbirləri tələb edir: maarifləndirmə, emal müəssisələrinin təşkili, xarici bazarlara çıxış imkanlarının artırılması, dövlət dəstəyi və s. Biz bu məhsulları təkcə daxili bazar üçün istehsal etmirik. Xarici bazarlara çıxış fermer üçün həm əlavə gəlir mənbəyidir, həm də onun fəaliyyətini davam etdirməsi üçün motivasiyadır. Əgər məsələ ciddi şəkildə həll olunmasa, kənd təsərrüfatının inkişafı da dayanıqlı olmayacaq. Kəndli-fermer təsərrüfatında əsas vəzifə keyfiyyətli və bol məhsul istehsalıdır. Fermerlərin əsas işi budur. Ancaq məhsulun satış prosesi dövlətin daha çox diqqət yetirməli olduğu sahədir. Bu sahədə dövlət yalnız tənzimləyici deyil, həm də müəyyən mənada zəmanətçi rolunu oynamalıdır. Dövlət orqanları məhsulun satışına, alış mexanizminə nəzarət etməli, bazarların formalaşdırılmasına kömək göstərməlidir ki, istehsalçılar ciddi problemlərlə üzləşməsin”.

Müsahibizim məhsulun məhv olmasında böyük monopolistlərin rolunun olduğunu vurğulayıb:

“Hazırkı reallıq göstərir ki, Azərbaycanda iri təsərrüfat sahibləri – yəni aqrar sahədə fəaliyyət göstərən bəzi monopolistlər müxtəlif yollarla və ya əlaqələrlə istədikləri qədər su, gübrə, texnika və maliyyə imkanlarına çıxış əldə edə bilirlər. Onların qarşısında elə bir ciddi problem yoxdur. Amma 20-30 sot torpaqda məhsul əkib-becərən sadə fermer üçün vəziyyət tamam fərqlidir. Belə kiçik təsərrüfat sahibləri üçün məhsulun bazara çıxarılması, satışı, qiymətləndirilməsi və gəlir əldə edilməsi ciddi çətinliklər yaradır. Dövlət bu kateqoriyaya aid fermerlərin bazar imkanlarını genişləndirmək üçün daha fəal siyasət həyata keçirməlidir. Digər tərəfdən, regionların xarici bazarlara çıxışı məsələsi də xüsusi diqqət tələb edir. Əgər Azərbaycan–Rusiya münasibətləri hazırkı qeyri-müəyyən vəziyyətdə davam edərsə, artıq alternativ bazarların – Türkiyə, İran, Orta Asiya və digər ölkələrin bazarlarının araşdırılması və məhsul ixracı üçün yeni yolların açılması vacib olacaq. Bununla yanaşı, məhsulun qablaşdırılması, saxlanması və keyfiyyət göstəriciləri də beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu isə həm infrastruktur, həm də maarifləndirmə baxımından kompleks tədbirlər tələb edir”.

Vahid Əhmədov bir daha qeyd edib ki, bütün bu problemlərin mərkəzində duran əsas məsələ emal müəssisələrinin çatışmazlığıdır:

“Çünki fermer məhsulunu satmaqda çətinlik çəkirsə, alternativ yol olaraq onu emal müəssisəsinə verməlidir. Lakin bu müəssisələr ya yoxdur, ya da kifayət qədər deyil. Məhz buna görə də hökumət bu sahəyə xüsusi diqqət yetirməli, hər bölgədə müasir və funksional emal infrastrukturunun qurulmasını təmin etməlidir”.

Son olaraq sabiq deputat deyib ki, kəndlinin əkdiyi torpaq sığorta oluna bilər:

“Bu barədə qanun layihəsi qəbul edilib. Mexanizmin işləyib-işləmədiyini barədə söz deyə bilmərəm, amma belə bir qanun var”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
globalinfo.az

2Mənbələr