AZ

Azərbaycan qazının Suriyaya nəqlinə başlanıldı - Video - Fotolar

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılışı olub. 

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.









Seçilən
43
5
yenilik.az

10Mənbələr