AZ

Rusiya Azərbaycanla müharibəyə hazırlaşır? Təhlükəsizlik komitəsinin sədri DANIŞDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Son günlərdə Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazası ilə bağlı yayılan məlumatlar diqqət mərkəzindədir. Xüsusilə silah-sursatın gətirilməsi və hərbi kontingentin artırılması barədə iddialar bölgədə gərginliyi yenidən gündəmə gətirib. Bu cür xəbərlərin Ermənistan mətbuatında, xüsusilə də hökumətə yaxın KİV-lərdə tirajlanması müəyyən suallar doğurur.

Belə məlumatların yayılmasının əsl məqsədi nədir? 

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, artıq bir neçə gündür Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı bazası haqqında müxtəlif məlumatlar çap olunur:

"Əsas məqam odur ki, bu bazaya yeni silah-sursatın gətirilməsi və hərbi kontingentin artırılması ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində məlumatlar tirajlanır. Məlumdur ki, Gümrüdə yerləşən 102 saylı hərbi baza həqiqətən fəaliyyətdə olan bazadır. 1995-ci ildən bu baza mövcuddur. Bazanı saxlamaqda əsas məqsəd guya Cənubi Qafqazda hərbi problemlərə tam şəkildə nəzarət etmək, eyni zamanda Türkiyə və Ermənistan sərhədinin NATO və Rusiya sərhədi olduğuna görə həmin ərazidə bu silah-sursatın və bazanın saxlanılmasıdır".

Millət vəkilinin sözlərinə görə, bu məlumatı əsasən Ermənistanda kütləvi informasiya vasitəsi kimi tanınan “Hraparak” yayıb və bu, hakimiyyətin tabeliyində olan kütləvi informasiya vasitəsidir:

"Bu məlumatlar təbliğat xarakterli materiallardır və buna bir neçə aspektdən yanaşmaq lazımdır. Texnikanın həqiqətən ora gətirilməsi ilə bağlı konkret olaraq müstəqil material yoxdur. Digər məsələ isə əsasən Ukrayna və Ermənistan tərəfindən yayılan məlumatlardır. Ukrayna resursları və Ermənistan KİV-ləri bu məsələləri yaymaqda daha maraqlıdırlar. Bu, Ermənistanda olan daxili mübarizənin də təsviri ola bilər. Çünki seçkilər yaxınlaşır və Avropa yönümlü qüvvələr daha da güclənir. Bununla bağlı rusiyapərəst seçicilərə təsir mexanizmi kimi istifadə edilir. Rusiyanın Ermənistan ərazisində olması isə müzakirə yaradan bir məsələdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, eyni zamanda onun ərazisində belə bir qoşun hissəsi mövcuddur".

Komitə sədri əlavə etdi ki, avqust ayında Gümrüdə bununla bağlı mitinq keçirilməsi nəzərdə tutulur.

"102 saylı bazaya bu gün hansısa silah-sursatın gətirilməsi nə “Sputnik Monitor”dan, nə də digər mənbələr vasitəsilə təsdiq edilib. Bəzən deyirlər ki, Rusiya Azərbaycanla yeni müharibəyə hazırlaşır, ona görə də bazanı burada gücləndirir, yaxud Ermənistana kömək edərək Azərbaycana qarşı hərbi təcavüz edəcək. Bu söyləntilərin hamısı bizim tərəfimizdən təhlil olunur, izlənilir və inandırıcı görünmür. Bu, əsasən Ermənistanın daxilində baş verən siyasi proseslərə şamil edilə biləcək haldır. 

Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini aparır. Bütün bu proseslər ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan təhdidlərin qarşısının alınması istiqamətində hər cür təhlil və analizlə izlənilir. Belə yalan məlumatlar yəqin ki, bu ayın sonu olacaq mitinqə qədər kütləvi informasiya vasitələrində paylaşılacaq. Burada da əsasən Avropa yönümlü strukturların və müəyyən qədər də Paşinyan hakimiyyətinin atdığı addımlar müşahidə olunur",- deyə A.Nağıyev fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
redaktor.az

3Mənbələr