AZ

“Otokar” 2025-ci ilin ilk yarısına dair maliyyə nəticələrini açıqlayıb

“Koç” qrupuna daxil olan “Otokar” şirkəti 2025-ci ilin ilk yarısına dair maliyyə nəticələrini açıqlayıb.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, şirkət həm yerli, həm də qlobal miqyasda güclü artım nümayiş etdirir.

Hesabata əsasən, “Otokar”, 2025-ci ilin ilk yarısında satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə 53% artıraraq 3430 ədəd nəqliyyat vasitəsi satıb. Gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 19.8 milyard TL-yə (487.8 milyon ABŞ dolları) çatıb. İxrac gəliri 302 milyon dollar (12.2 milyard TL), 6 aylıq xalis zərər isə 79 milyon TL (1.9 milyon dollar) təşkil edib. İkinci rübdə isə 412 milyon TL (10.1 milyon dollar) xalis mənfəət əldə olunub.

İlin ilk yarısındakı nəticələri dəyərləndirən “Otokar”ın baş direktoru Aykut Özüner bildirib ki, ilin ilk altı ayında şirkət həm müdafiə sənayesində, həm də kommersiya nəqliyyat vasitələri sahəsində qlobal bazarlardakı böyümə hədəfini uğurla davam etdirib: “Son dövrlərdə müdafiə sənayesindən alınan sifarişlərin təhvilinə fokuslandığımız halda, yeni müqavilələr üzərində də işlərimizi davam etdirdik. Rumıniya üçün 1059 ədəd zirehli texnikanın istehsalına başlamışıq. Kommersiya nəqliyyat vasitələri sahəsində isə avtobus, yük maşını və pikap kateqoriyalarında daxili satışlarımızı artırdıq, eyni zamanda xaricdə, xüsusilə də Avropada avtomobil parkımızı genişləndirdik”.

Baş direktor həmçinin şirkətin qlobal miqyasda da təsir dairəsini artırdığını diqqətə çatdırıb.

““Otokar” olaraq son vaxtlar əhəmiyyətli razılaşmalara imza atmışıq. Fransa, İtaliya, Rumıniya, BƏƏ və Qazaxıstandakı törəmə şirkətlərimiz sayəsində müxtəlif beynəlxalq bazarlarda sabit artım yaşayırıq. “Otokar” təkcə məhsul ixrac edən deyil, yerli istehsal və texnologiya transferi bacarıqları ilə də qlobal oyunçudur. Keçən ilin sonunda imzalanan Rumıniya layihəsi bunun bariz nümunəsidir. Rumıniyada zirehli texnika istehsalına yaxın zamanda başlayacağıq”, – deyə direktoru Aykut Özüner vurğulayıb.

Qeyd olunub ki, 2025-ci ildə satışa çıxarılan “Atlas 9” yük maşını (7-15 ton sinfi) “Otokar”ın bu seqmentdəki satışlarına müsbət təsir edib. Şirkət bu modeldən 648 ədəd sataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 49% artım əldə edib.

2024-cü ilin son rübündə “Otokar”, Türkiyədə pikap bazarına “Foton Tunland” modelləri ilə güclü giriş edib və 2025-ci ilin ilk yarısında bu seqmentdə 905 ədəd satış həyata keçirib.

“Otokar” şirkəti 50-dən çox ölkəyə avtobus ixrac edən qlobal liderdir. 2025-ci ilin ilk yarısında İtaliyanın Siena, Arezzo və Cagliari şəhərlərinə avtobuslar təhvil verib.

Quru nəqliyyat vasitələri sahəsində NATO və Birləşmiş Millətlər Təşkilatının uzun illərdir təchizatçılarından biri olan, 40-dan çox ölkədə 33 mindən artıq hərbi texnikası aktiv xidmətdə göstərən “Otokar”, yeni uğurlar qazanmağa davam edir. Şirkətin dünyaca məşhur ARMA 6×6 zirehli texnikası artıq Estoniyada xidmətdədir. 2024-cü ilin son rübündə “Otokar”, Türkiyənin tək müqavilə ilə indiyədək imzaladığı ən böyük quru platforması ixrac müqaviləsini Rumıniya ilə bağlayıb və birinci il ərzində təhvil veriləcək texnikaların istehsalına sürətlə davam edir. Rumıniya üçün Türkiyədə istehsal olunan COBRA II maşınlarının Mediaş şəhərində yerli inteqrasiya işlərinə başlanılıb.

Seçilən
27
poliqon.az

1Mənbələr