AZ

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Bu limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəlikləri nəzərə alınmaqla hesablanacaq. Mərkəzi Bank bu addımı borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə atdığını açıqlayıb. Qurumun fikrincə, bu dəyişikliklər əhalinin izafi borclanmasının qarşısını alacaq. Həmçinin bank bildirir ki, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə olunur. 

 

İqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın bu mövqeyi qurumun özünün dərc etdiyi rəsmi statistika ilə tam uzlaşmır. 

 

Onun sözlərinə görə, ödəniş kartları ilə verilmiş kreditlərin ümumi həcmi ilin ilk yarısında 3,2 faiz artsa da, son ayda azalma qeydə alınıb: 

 

"Belə ki, may-iyun aylarında kredit kartı ilə kredit qoyuluşunun həcmi 1,42 milyard manatdan 1,39 milyard manata düşüb. Azalma digər göstəricilərdə də müşahidə olunub. Kredit kartlarının sayı cari ilin yanvar-iyun aylarında 2 milyon 256 mindən 2 milyon 118 minə enib. Ümumi ödəniş kartları arasında kredit kartlarının payı 11,3 faizdən 10,3 faizə düşüb. Eyni zamanda, bu müddətdə kredit kartları üzrə əməliyyatların sayı 14 milyondan 13,8 milyona, əməliyyatların ümumi həcmi isə 893 milyon manatdan 800 milyon manata qədər azalıb". 

 

 

S.Əliyevin fikrincə, bu rəqəmlər kredit kartlarına əvvəlki marağın azaldığını göstərir.

 

"Bu baxımdan Mərkəzi Bankın kredit kartlarının yüksək artım dinamikası ilə bağlı irəli sürdüyü arqument nisbidir", - deyən ekspert hesab edir ki, bu ilin ilk yarısında ev təsərrüfatlarına verilmiş ümumi kreditlər 4,8 faiz artdığı halda, kredit kartları ilə verilən kreditlərin artımı sadəcə 3,2 faiz təşkil edib: "Ümumi istehlak kreditlərində ödəniş kartları ilə verilmiş kreditlərin payı isə hazırda 8,1 faizdir. Bu göstərici 2024-cü ildə 8,2 faiz olub və 2022-ci ildən sonra ən aşağı səviyyədir". 

 

İqtisadçı ekspert əlavə edib ki, bəzi ziqzaqlara baxmayaraq, ümumi tendensiya azalma üzrə gedir. O sual edir ki, belə şəraitdə borclanma şərtlərinin sərtləşdirilməsi nə dərəcədə zəruridir:

 

"Daha məqsədyönlü addım əhalinin hüquqlarının qorunmasına yönəlmək olardı. Müştərinin icazəsi olmadan əməkhaqqı kartından avtomatik şəkildə kredit kartı borcunun silinməsi və kredit kartı üzrə gecikmə baş verən andan etibarən hər gün müştəriyə zəng vurularaq psixoloji təzyiq göstərilməsi halları təcili şəkildə aradan qaldırılmalıdır". 

 

Firuzə Əliyeva
Sfera.az

 

Seçilən
26
sfera.az

1Mənbələr