AZ

Vətənə xidmət...

Məhəmməd TAĞIYEV

***

“Vətən sağ olsun!” Görəsən, bu ifadəni ilk dəfə kim işlədib? Bəlkə ilk dəfə hansısa müharibə zamanı səslənib? Əsrlər əvvəl də əsgərlər, hərbçilər vətənləri üçün canlarından keçib. Əksəriyyətinin adı tarixdə qalmayıb, yaddaşlardan silinib. Ailəsini və yaxınlarını tək qoyub vətən üçün ölən milyonlarla qəhrəman...

Bir də qəhrəman yalnız vətəni üçün can verən şəxslərə deyilmir. Vətən, xalq, bayraq üçün əziyyət çəkən hər kəs bu ada layiqdir. Tarixdə neçə-neçə dövlət başçısı, sərkərdə xalqı üçün qəhrəmanlıq göstərib. Onlardan biri də Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Bu yazı öz özülünü mənim qəlbimdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində, Şəhidlər tablosunun qarşısında fikrə dalarkən özü qoyub.

Şəhid! Bu sözün yükü ağırdan ağır, kəsb etdiyi məna dərindən dərindir. Şəkillərdən mənə baxan şəhidlərimizin əksəriyyəti gənclərdir. Kimisi valideynlərini, kimisi yaxınlarını, kimisi də övladlarını yalnız qoyub köçüb bu dünyadan - Vətən uğrunda, Torpaq uğrunda. Bu dəqiqə rahat yaşayırıqsa, asudə nəfəs alırıqsa, məhz onlara borcluyuq.

Təəssüf ki, bunun mahiyyətini gec anlamışam. Tam olaraq isə bir il ərzində Sərhəd Qoşunlarında keçdiyim hərbi qulluq dövründə dərk edə bildim. Bir hissi anlamaq istəyirsənsə, mütləq onu yaşamalısan. Bu bir il ərzində əsgərlik həyatına xas çətinliklər gördüm. Zərrə qədər də təəssüflənmirəm, vaxtilə bizim üçün də bunu ediblər. İndi sıra bizdədir. Əsas odur ki, Vətən sağ olsun! Əzizlərin, ailən - sevdiklərin sənin və sənin kimi əsgərlərin hesabına rahat yaşayırsa, bunun qüruru nəyə desən dəyər.

Bir dəfə atamla telefonla əlaqə saxlayanda, sarkazm mənasında dedim: “Rahat yatın, biz sərhəddəyik, sizi qoruyuruq”.

“Əlbəttə, Məhəmməd. Sizi elə bunun üçün böyütmüşük” - deyə, atam cavab verdi. Atamdan o sözləri eşidəndə özümü elə dəyərli hiss etdim ki...

Vətənə xidmət ifadəsi yalnız hərbçilərə şamil olunmur. Müəllimlər var, polislər var, həkimlər var... Hər birinin xidməti əvəzsizdir. Vətən üçün çalışanlar sağ olsunlar. Sağ olsunlar ki, Vətən də sağ olsun!

Qarabağ məsələsi 30 il sonra öz həllini tapdı. “Dəmir yumruq”  əməliyyatı öz bəhrəsini verdi. Bu gün işğaldan azad edilən ərazilər çiçəklənir, abadlaşır. Külli miqdarda investisiya maliyyəsi tələb edən bu renessansa, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına görə ordumuza, onun Ali Baş Komandanına, şəhidlərimizə, qazilərimizə borcluyuq.

Cəmi 10-15 gün əvvəl mən də potensial şəhid idim. Azərbaycan uğrunda can vermək mənim üçün ən böyük mükafat olardı. Ən azından qürurlanardım ki, canımı Vətəni uğrunda fəda etmişəm. Vətən naminə ölümə hər an hazır olmalıyıq. Təki Vətənimiz əbədi olsun, Xalqımız firavan yaşasın!

Bu yazını mülki şəxs Məhəmməd qələmə aldı. Düşünən isə sizin sərhədçiniz, keçmiş, amma Vətən uğrunda həmişə müsəlləh əsgər Tağıyev Məhəmməd İlqar oğlu idi.

MİA.AZ

Seçilən
1
mia.az

1Mənbələr