Azərbaycan qazının ölkəmiz üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji bağlılığımızı daha da gücləndirəcək.
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış çərçivəsində mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin Ak Partisinin Elbeyli rayon üzrə təşkilatının rəhbəri Nəcməttin Dönməz deyib.
"Belə bir mötəbər tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan qazının ölkəmiz üzərindən Suriyaya ixracı çox mühüm bir addımdır. Bu qardaş ölkə ilə enerji bağlantımızı daha da gücləndirəcək", - Nəcməttin Dönməz vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçiriləcək. Borunun istifadəyə verilməyi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılacaq.
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.







