ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ – Hindistan münasibətlərinin ziddiyyətli trayektoriyası
İyulun 30-da Hindistanın cənub-şərq sahillərində yerləşən kosmodromdan NASA və Hindistan Kosmik Araşdırmalar Təşkilatı (ISRO) tərəfindən birgə hazırlanan NISAR peyki uğurla orbitə buraxıldı. Bu peyk Yer səthində cəmi 1 santimetrlik yerdəyişmələri belə qeydə almağa qadirdir. Məlumatlar vulkan püskürmələri, zəlzələlər və torpaq sürüşmələri kimi təbii fəlakətlərə qarşı qabaqlayıcı tədbirlər üçün istifadə olunacaq. Bundan başqa, subasmalar, buzlaqların əriməsi, torpaq rütubəti və əkin sahələrinin monitorinqi də mümkün olacaq. NASA-nın “indiyədək ən güclü radar sistemli” peyki adlandırdığı NISAR həm elm, həm də fövqəladə hallarla mübarizə baxımından böyük potensiala malikdir. Bu missiya Hindistanın elm və texnologiya sahəsindəki gücünü nümayiş etdirməklə yanaşı, ölkənin qlobal kosmik tədqiqatlar arenasında strateji tərəfdaş kimi rolunu möhkəmləndirir.
Lakin kosmosdakı tərəfdaşlıq fonunda yer üzündə baş verən iqtisadi və siyasi qarşıdurmalar ABŞ – Hindistan münasibətlərini mürəkkəb bir müstəviyə daşıyır. ABŞ Prezidenti Donald Tramp yenidən vəzifəyə başladıqdan sonra Hindistanla ticarət münasibətlərində ciddi dəyişikliklər baş verəcəyinə işarə etmişdi. Hindistanın Baş naziri Narendra Modi Trampın andiçməsindən dərhal sonra Vaşinqtona səfər etmiş, yüksək tariflərə dair danışıqlara ümid bəsləmişdi. Lakin bu səfərdən altı ay keçməsinə baxmayaraq, gözlənilən saziş hələ də imzalanmayıb.
ABŞ avqustun 1-dən etibarən Hindistandan idxal olunan mallara 25 faizlik gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Bu qərar yalnız Hindistana deyil, onlarla başqa ölkəyə də şamil oluna bilər. Ancaq Hindistanın fərqi ondadır ki, bu ölkə həm dünyada əhalisinə görə birinci yerdədir, həm də ABŞ-ın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü ildə, təxminən, 130 milyard dollar təşkil edib. İqtisadi baxımdan Hindistan ABŞ-dan asılılığını artırsa da, Vaşinqton da Dehli ilə əməkdaşlığı uzun illərdir inkişaf etdirməkdə maraqlıdır. Xüsusən də Çinlə qlobal güc balansında Hindistanın mövqeyi ABŞ üçün mühüm strateji dayaqdır.
Bununla belə, Tramp administrasiyasının ticarət siyasəti Hindistanın siyasi və iqtisadi ambisiyalarını çətin duruma salır. Əgər ABŞ-la ticarət əlaqələri zəifləyərsə, Hindistan Çinə qarşı qurulmuş koalisiyalarda tərəddüd edə bilər. Siyasi mütəxəssislər bunun ABŞ-ın Hindistanı “anti-Çin cəbhəsi”nə cəlb etmək planlarını zədələyə biləcəyindən ehtiyatlanırlar.
Eyni zamanda, ABŞ-ın Rusiya ilə gərgin münasibətləri Hindistanın enerji və hərbi asılılığını sual altına qoyur. Prezident Tramp avqustun 8-nə qədər atəşkəs əldə olunmasa, Rusiya neftinə 100 faizlik tarif tətbiq etməklə hədələyib. Rusiya neftinin əsas alıcılarından biri olan Hindistan ciddi iqtisadi zərbə alacaq. İndiki mərhələdə Hindistan balanslı xarici siyasətini qorumağa çalışır: bir tərəfdən Qərblə – xüsusilə ABŞ-la – strateji əməkdaşlıq, digər tərəfdən isə Rusiya və region ölkələri ilə tarixən formalaşmış münasibətlər qurmağa can atır. Lakin belə siyasət artıq Vaşinqtonu razı salmır.
Kosmik əməkdaşlıq Hindistanın texnologiya sahəsində reputasiyasını yüksəldir, lakin iqtisadi sanksiyalarla üzləşmək riski onun regional və qlobal liderlik ambisiyalarını zəiflədəcək. Hindistan bu balansı qoruyub saxlamaqla həm öz iqtisadi maraqlarını, həm də beynəlxalq nüfuzunu itirməməyə çalışır. İndiki mərhələdə əsas sual budur ki, Dehli ABŞ-ın ticarət təzyiqləri fonunda Çinlə münasibətlərini balansda saxlaya, Rusiyadan enerji asılılığını azalda və eyni zamanda, regional liderlik iddialarını davam etdirə biləcəkmi?
Səbuhi MƏMMƏDOVXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.