AZ

Yay nəfəsi, dağ havası...

Hacıkənd gəncəlilərin yay seyrəngahıdır

Elə ki, iyulun, avqustun istisi Gəncənin daşlarını qızdırdı, asfalt nəfəsalmaz oldu, bir yer var ki, gəncəlilər ora üz tuturlar. Ora nə Xəzər sahilidir, nə də xarici kurort... Ora Hacıkənddir – Gəncənin göz bəbəyi kimi sevdiyi, nəfəsi kimi ehtiyac duyduğu yaylaq.

Səhərin ilk işığı ilə avtomobillər yola düzəlir. Gəncədən cəmi 23 kilometr məsafə... Amma sanki hava da, zaman da, həyat da dəyişir bu yolda. Küləklə dolu sərt dağ döngələrindən keçənlər Hacıkəndin ilk nəfəsini aldıqda anlayırlar: yay artıq buradadır, istidən qaçış yalnız bura qədər mümkündür.

Bu dağ kəndi təbiətin bəxş etdiyi nadir guşələrdəndir. Qədim ağacların kölgəsi, bulaqların şırıltısı, Göygöl Milli Parkına aparan yollar, al-əlvan güllərlə örtülü yamaclar – hər şey dincəlmək istəyən insanı qucaqlayır.

Hacıkənd təkcə yaşıllıq və təbiət deyil, həm də canlı bir həyat tərzidir. Kimi çay qırağında yerini möhkəmlədir, kimi meşə içində ailəsi ilə dincəlir. Hardasa bir samovar tüstüləyir, yaxınlıqdan kababın ətri gəlir. Kimisi portativ stollarla, kimisi çadırla gəlib.

Yol boyu “özəl məkanlar” da az deyil. Torpaq sahəsi olanlar gəlib-gedənə kölgəli masa, samovar, hətta yelləncək və quzu ətindən kabab bişirmək imkanı təklif edir. Qiymətlər də münasibdir – bir gün üçün yer kirayəsi, çaynik, şiş, samovar, hətta manqal daxil olmaqla 30-50 manat arası. Yəni ailəvi istirahət üçün ideal şəraitdir.

Kababxanalar da artıb. Əvvəllər tək-tük idi, indi isə Hacıkənd–Göygöl yolu boyunca onlarla istirahət guşəsi var. Kabab, kətə, ayran, təndir çörəyi, bal, pendir təklif edən bu məkanlar həm qonaqpərvərliyi, həm də təbiətə uyğun sadəliyi ilə seçilir. Amma onu da qeyd etməliyik ki, bəziləri üçün Hacıkənd artıq bir növ “kabab rayonu”na çevrilib.

Gələnlərə kətə, ayran, bal təklif edən kənd qadınları da yay aylarının ayrılmaz obrazına çevrilib. Əllərində sinidə dağ məhsulları ilə yol kənarında dayanıb, alıcılara gülümsəməklə yanaşırlar. Kimsə deyir:

– Xamalı kətə al, bala, indicə hazırlamışam!

İsti təndir çörəyi, bal bankaları, pendir, yay qonaqlarının alış-veriş səbətini doldurur. Bu səhnələr kənd bayramı ab-havası yaratmaqla yanaşı, bir növ, yay bazarına çevrilib.

Rəsmi qeydiyyat olmasa da, yerli müşahidələrə əsasən, iyul və avqust aylarında Hacıkəndə gündəlik 3–5 min nəfərdən çox adam gəlir. Həftə sonları isə bu rəqəm 8–10 minə çatır. Tıxaclar, dolu istirahət yerləri, park edilmiş onlarla avtomobil bu marağın göstəricisidir.

Unutmayaq ki, Hacıkənd təkcə istirahət deyil, həm də tarixdir. Çar dövründən qalma dəmir yolu stansiyası, alman və rus kolonistlərinin saldığı bağlar bu gün də durur. İndi o stansiyanın ətrafında uşaqlar oynayır, nənələr palaz sərib günə çıxır, gənclər buludların şəklini çəkirlər.

Hacıkənd gəncəlilər üçün yay nəfəsi, sərin dağ kölgəsi, təbiət qoynunda bir sığınacaqdır. Bu yol təkcə dağlara yox, həm də keçmişə, nostaljiyə, istirahətə açılır.

Amma gəlin, bu yolu və bu təbiəti təmiz saxlayaq – çünki Hacıkənd bir günlük deyil, gələcək nəsillər üçün qorunmalı bir dəyərdir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Foto: Rövşən ƏMİRASLANOĞLU
Gəncə

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr