AZ

Trampdan Rusiyaya AĞIR ZƏRBƏ – Ukrayna üçün tarixi fürsət YARANIR

Rusiyaya müharibəni dayandırmaq üçün 10-12 günlük vaxt qoyan ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardımları aktivləşdirir. Bundan əlavə Tramp Rusiyanın artan hücumlarından Ukraynanın müdafiə olunması üçün silah göndərdiklərini elan edib:

“Hazırda ukraynalılar çox ağır zərbə alırlar. Daha çox silah göndərməli olacağıq, əsasən də müdafiə silahları.”

Tramp hətta verdiyi son açıqlamalarının birində Ukraynanın müdafiəsi üçün Patriot raket sistemlərinə ehtiyacı olduğunu da vurğulayıb.

Digər tərəfdən, ABŞ Rusiyanı iqtisadi cəhətdən daha əsaslı şəkildə çökdürmək üçün ondan neft alan ölkələrə kəskin rüsumlar tətbiq edəcəyini bəyan edib. Bu ölkələr isə əsasən Çin, Hindistan və Braziliyadır. Hansı ki, artıq Hindistan şirkətləri Rusiyadan neft alışını əsasən dayandırmalı olublar.

Bir sözlə, Tramp indiki halda Ukrayna cəhbəsində Rusiyanın irəliləməsinin qarşısını almaq üçün sərt addımlar atmaqda israrlı görünür.

Görəsən, bu fonda Kiyev Rusiyanın irəliləməsini dayandıra biləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə hərbi yardımların artması fonunda belə, Ukrayna üçün müsbət gedişin yaranacağına müəyyən qədər şübhə ilə yanaşır:

“Trampın hədələrinin 10-12 gündən sonra öz bəhrəsini verəcəyini düşünmürəm. Çünki o, dəfələrlə verdiyi bəyanatlarının arxasından geri çəkilib. Bu mənada Ukraynanın daha çox yardım almasına rəğmən Rusiyanın irəliləməsinin qarşısını ala biləcəyi bir qədər müəmmalıdır. Artıq 3 ildən artıqdır ki, Ukrayna müharibəsi gedir. İndiki vəziyyətdə müharibədə Ukraynanın uğur səviyyəsi Qərbin ona göstərdiyi hərbi-siyasi və maliyyə dəstəyinə mütənasibdir”.

Politoloqun fikrincə, yaranmış durum Qərbin Kiyevə dəstəyinin “çay qaşığı” ilə verilməsinin nəticəsidir:

“Tramp əvvəl Rusiyaya müharibəni dayandırmaq üçün 50 günlük möhlət verdi. Ümid edirdi ki, Putin 50 gün ərzində Ukraynada qələbə çalacaq. Sonra ona izah elədilər ki, bu alınmayacaq. Ona görə Tramp 10-12 günlük vaxt verməklə növbəti sərsəm fikrini söylədi. Ancaq verdiyi bəyanatın arxasından geri çəkilmək də Tramp üçün adi bir işdir”.

Ekspert 10-12 gündən sonra Trampın səsləndirdiyi hədələrin öz real nəticəsini tapacağını düşünmür:

“Rusiyadan neft alan əsas dövlətlər Çin, Hindistan və Braziliyadır. Hindistan Vaşinqtonun təzyiqləri ilə rus neftini almaqdan imtina etmək ərəfəsindədir. Lakin düşünmürəm ki, Çinlə Braziliya da anoloji addım atsın. Odur ki, Trampın dedikləri boş sözdür.

Mövcud vəziyyətdə ABŞ yalnız Ukraynaya verilən silah-sursat yardımını genişləndirə bilər. Bu sahədə Amerikanın imkanları çox məhduddur. Bir-iki ay ərzində ABŞ Kiyevə verəcəyi silah-sursatı artıra bilər. Bundan o yana yox. Çünki bu məsələnin həlli Amerikadan böyük vəsait tələb edir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr