ain.az bildirir, Cebheinfo portalına istinadən.
Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün müharibə ssenari üçün ilk addımı atıb.
Belə ki, müharibəyə hazırlıq çərçivəsində qitə boyunca yol və dəmir yolu infrastrukturunu modernləşdirmək üçün 17 milyard avro xərclənəcək. Avropa İttifaqının nəqliyyat və turizm üzrə komissarı ApostolosTsitsikostas bu barədə "FinancialTimes" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, hazırkı avtomobil və dəmir yolları NATO texnikasının, xüsusilə də 70 tona qədər çəkisi olan tankların Şərq sərhədinə tez bir zamanda daşınmasına imkan vermir. Bu problemi həll etmək üçün isə 17 milyard avro vəsait xərclənəcək.
Görünən odur ki, Avropa İttifaqı Rusiya ilə birbaşa müharibə üçün ilk addımı atdı. Bununla bağlı hazırlıq getdiyi artıq təsdiqlənir. Bəs yaxın perspektivdə Avropa İttifaqı ilə Rusiya arasında hərbi toqquşma yaşana bilərmi?
Azad Vətən Partiyasının sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Rusiya qətiyyən sakitləşmir:
"Bu da Rusiya Prezidenti Vladimir Putinin şəxsi keyfiyyətləri ilə bağlıdır. Rəsmi Moskva hələ də rus şovinizmindən və ideyasından geri çəkilməyi bacarmır.Görünən odur ki, Rusiya yeni şəraitə uyğunlaşmır, dünyanın dəyişdiyini görmək istəmir və hər şeyi yenə də əvvəlki kimi hərbi güclə həll etməyə çalışır. İndiyə qədər Rusiyanın son 200 illik tarixi ancaq silahla, işğalla, bu və ya digər ölkələrə hücumla doludur. Onlar bu şəkildə dövlətlərini qoruyub-saxlayıblar".
Siyasətçi qeyd edib ki, indi isə hər şey dəyişib:
"Müharibəni heç kim qəbul etmir. Rusiyanın özündə də insanlar bu müharibələrdən və vəziyyətin ağırlığından yorulublar. Amma rəhbərlik bunu başa düşmək istəmir. Ona görə Avropa üçün də təhlükə var. Bu təhlükə ondan ibarətdir ki, Rusiyanın rəhbərliyi Avropanın zəifliyini görür.
Avropanın silah-sursatı, hərbi texnikası, pulu var, amma güclü ordusu və döyüş ruhu yoxdur. Hətta NATO-nun özündə də bu çatışmır. Son illərin təcrübəsi göstərdi ki, nə ABŞ, nə Avropa, nə də NATO ordusu ciddi nəticə əldə edə bilib".
Həmsöhbətimiz bunun səbəblərindən də danışıb:
"Çünki insanlar artıq hərbdən uzaqlaşıb. Xüsusi hazırlanmış hərbi hissələr demək olar ki, yoxdur. Vaxtilə XIX əsrin sonunda Fransa xarici legionları ilə dünyaya meydan oxuyurdu, onları dünyanın istənilən yerinə göndərirdilər. İndi o da yoxdur. Həmçinin, İngiltərədə də belə hissələr mövcud deyil.
Almaniya isə İkinci Dünya müharibəsindən sonra ordu saxlamaq və silahlanmaq baxımından məhdudiyyətlərə məruz qalıb. İndi yavaş-yavaş bu məhdudiyyətlər aradan qaldırılır, amma yenə də Almaniyanın güclü hərbi qüvvəsi yoxdur".
Partiya sədrinin sözlərinə görə, Rusiyanın hərbi gücü zəifləməsinə baxmayaraq, hələ də digər ölkələrdən üstündür:
"Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada təkbaşına bütün Avropaya qarşı döyüşür. Rusiyalı rəsmilər bununla və Ukraynada etdikləri ilə fəxr edirlər. Amma bu, əslində fəxr deyil, faciədir. Onlar Ukraynada etdikləri vəhşiliklərə görə utanmalı və xəcalət çəkməlidirlər.
Çünki insanlar ölür, şəhərlər dağıdılır. Onlar isə bunu başa düşmək istəmirlər. Bütün bunların fonunda Avropa isə Rusiya ilə mümkün müharibə üçün hələlik tədbir görür. Bunun üçün yollar və dəmir yolları çəkilir. Amma əsas məsələ odur ki, texnika olsa belə, döyüşəcək ordu və ruh yoxdursa, bunun heç bir faydası olmaz".
Akif Nağı vurğulayıb ki, Avropa Ukraynanı qabağa verib:
"Amma Rusiya Ukraynadan sonra çox asanlıqla Avropaya daxil ola bilər. Polşa kimi ölkələr ciddi müqavimət göstərə bilməzlər. Kreml də bunu bildiyi üçün Avropanı hədələyir. Avropada artıq öz işini görür və bu istiqamətdə milyardlarla avro pul xərcləyir.
Bu baxımdan, hesab edirəm ki, ondansa hər Avropa ölkəsi öz ordusunu gücləndirməlidir. Çünki texnikaya arxalanmaq məntiqsizdir. Bu gün artıq dronlara, pilotsuz uçuş aparatlarına üstünlük verilməlidir. Amma Avropa hələ də ağır texnikanı sərhədə yığmaqla məşğuldur. Düşünmürlər ki, hansısa məğlubiyyət ehtimalında ağır texnikanı oradan geri çəkmək çətin olacaq, bəlkə də rusların əlinə keçəcək.
Ona görə də qərarların nə dərəcədə düzgün olduğu sual altındadır. Fikrimcə, Avropa liderləri bununla bağlı məntiqli qərar vermirlər".
Partiya sədri onu da əlavə edib ki, əgər Avropa Rusiya ilə müharibəyə hazırlaşırsa, daha çox hava hücumu və müdafiə sistemlərinə, raketlərə sərmayə qoyulmalıdır:
"10 milyardlarla vəsait məhz bu istiqamətə yönəldilməlidir. Ümumilikdə isə Rusiya ilə müharibəyə hazırlıq işləri aparılsa da, yaxın zamanda bu ehtimalın reallaşması inandırıcı deyil. Bəlkə də bir neçə ildən sonra baş verə bilər.
Ona görə ki, hazırda Rusiyanın Avropaya qarşı cəbhə açmaq marağı yoxdur. Hələlik Kreml Ukraynadakı hədəflərini tamamlamağa çalışacaq. Ukrayna isə nəfəsini dərmək üçün istədiyi şərtlərlə sülh müqaviləsi imzalamağa çalışır. Məncə, Kreml yaxın deyil, uzaq perspektivdə Avropa ilə müharibə ehtimalını nəzərdən keçirə bilər".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər:
Rusiya Avropa müharibə Akif Nağı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.