ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Doğum tarixləri Azərbaycan Kinosu Günü qeyd olunan aralara düşən bir neçə kino xadimimiz var. Belə ki, rejissor və kinoşünas Ayaz Salayev avqustun 1-də, Fəxrəddin Manafov avqustun 2-də, mərhum Məmmədrza Şeyxzamanov isə avqustun 4-də dünyaya göz açıblar.
Məmmədrza Şeyxzamanov – 110
1915-ci ildə Gəncədə doğulub. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz “toxumlarını səpməkdə” idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub.
1934-cü ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrlının rejissoru Həbib İsmayılovun təklifi ilə teatra gələn gənc Məmmədrza ilk dəfə Ə. Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk uğurlu addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələblərinə uyğunlaşır, milli aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir.
1954-cü ildə aktyor M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. O vaxtdan sənət yolundakı “yaşıl işığı” daha da gur yanıb.
Daha 1 il sonra o, böyük ekrana çıxıb. “Bəxtiyar” filmində Rəcəbov, “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı?”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. “Əhməd haradadır”dakı Şirin kişi, “Tütək səsi”ndəki İsfəndiyar kişi və digər rollarda böyük ustalıqla obrazlar yaradıb. Gözəl sənətinə görə Xalq artisti fəxri adına və Dövlət mükafatına layiq görülüb.
Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat edib.
Fəxrəddin Manafov – 70
Xalq artisti Fəxrəddin Manafov Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Sovet ordusunda hərbi xidmətdən sonra İncəsənət Universitetini bitirib.
İlk vaxtlar Aktyor Evi və Yuğ Teatrında çalışan F.Manafov sonra kinostudiyada aktyor kimi filmlərə çəkilib. “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Park”, “Şeytan göz qabağında”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı”, “Dronqo”, “Qraf Krestovski”, “Əlvida, cənub şəhəri”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Mahmud və Məryəm” kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə “Ölsəm, bağışla və “Təhminə” filmlərindəki rolları gətirib.
Fəxrəddin Manafov 2006-cı ildən Prezidentinin fərdi təqaüdçüsüdür. Bu il TÜRKSOY-un “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafatına layiq görülüb. Bir neçə aydır ki, Fəxrəddin Manafov Azərbaycan Respublikası Kino Agentliyinin Müşahidə Şurasına üzv təyin edilib.
Ayaz Salayev – 65
Məşhur kinoşünas, Azərbaycan televiziyasında populyar “Retro” verilişinin sevimli aparıcısı Ayaz Salayev Bakıda anadan olub. Moskvada Ümumuittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb. Ayaz Salayev 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və “Azərbaycanfilm”də çalışıb. Moskvada aspiranturada oxumaqla bərabər, “Müasir film” fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra ölkədə keçirilən 30-a yaxın müsabiqədə iştirak edib. Film Beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb.
Ayaz Salayev 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Hazırda “Azərbaycanfilm” kinostudiyasının baş redaktorudur.
Ə.ƏLİYEVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.