Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Bu barədə Ekologiya.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avtomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən yoldan çıxaraq ayırıcı zolağa çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
“Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.
Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək – qəzanı yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!”, - deyə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində vurğulanıb.