AZ

Siyasi korrektə...

ABŞ Tayvanla əlaqələri niyə kəsir?

Tayvan problemi uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində ciddi müzakirə mövzusu olaraq qalır. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir. Beynəlxalq birlik bu regionu Çinin ərazisi kimi tanıyır. Azərbaycan da “Vahid Çin” siyasətini dəstəkləyərək Tayvanı bu ölkənin tərkib hissəsi hesab edir.

Bununla belə,  bir sıra ölkələr ada ilə müstəqil ticarət əlaqələrinə malikdir. ABŞ isə  hələ 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir. Tayvan məsələsi indiyədək Çin-ABŞ münasibətlərinin ən həssas məqamı olub. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edib. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb etsə də, Vaşinqton bu siyasətini indiyədək davam etdirib.

ABŞ Tayvanın müdafiə nazirinin səfərini təxirə salıb

Hətta bu yaxınlarda ABŞ Tayvana “M1A2T Abrams” tanklarının ikinci partiyasını göndərib. Bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, 42 tank ötən bazar günü göndərilib və adanın şimal-qərbindəki Sinçju əyalətindəki tank təlimi bölməsinə köçürülüb. Qeyd edək ki, 2,2 milyard  dəyərində 108 ədəd “Abrams” tankının satışına dair razılaşma 2019-cu ildə Tayvanın müdafiə qabiliyyətinin gücləndirilməsi səyləri çərçivəsində Vaşinqton tərəfindən təsdiqlənib. 38 avtomobildən ibarət ilk partiya 2024-cü ilin sonunda təhvil verilib və artıq “Hanquan-2025” təlimləri zamanı istifadə olunub. Üçüncü partiyanın isə 2026-cı ildə göndəriləcəyi gözlənilir.

Belə bir şəraitdə ABŞ Çinlə ticarət razılaşması əldə etmək üçün Tayvanla müdafiə danışıqlarını ləğv edib. Tayvan müdafiə nazirinin Vaşinqtona səfəri Ağ Evin göstərişi ilə son anda təxirə salınıb. Rəsmilər buna səbəb kimi İrana hücumları göstərsələr də, pərdə arxasında Pekinlə gərginlik əsl səbəb olub. Bu isə ona əsaslanır ki, prezident Tramp Çinlə müxtəlif gərginliklər yaşamamaq üçün belə bir addım atmağa məcbur olub.

Tayvan hökuməti potensial Çin işğalına qarşı müdafiəsini gücləndirmək üçün ABŞ-dan 20 milyard dollar dəyərində silah və sursat üçün müraciət prosesinə başlayıb. Lakin ABŞ-ın Çinlə münasibətləri nəzərə alaraq atılan bu addımlar kəskin təhlükə yarada bilər. Tayvanın “lideri” Lai Çinq-tenin ABŞ-a səfəri zamanı Nyu-Yorkda planlaşdırdığı tranzit dayanacaqlarının da ləğv edilməsi bununla əlaqələndirilir.

Ticarət məsələsinə gəlincə, iyulun 29-da İsveçin paytaxtı Stokholm şəhərində ABŞ ilə Çin arasında gömrük rüsumlarına və ticari münasibətlərə həsr olunmuş danışıqların ikinci raundu keçirilib. Danışıqlarda Birləşmiş Ştatları maliyyə naziri Skott Bessent, Çini isə ÇXR Dövlət Şurası Baş nazirinin müavini Hi Lifen təmsil ediblər. İki gün davam edən müzakirələrin əsas mövzu avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişinin müddətinin mümkün uzadılmasıdır. Danışıqlar zamanı Çinin Rusiya və İrandan neft alması, ticarət balansının pozulması və nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər kimi həssas məsələlərə də toxunulub.

Qlobal əhəmiyyətə malik olan və dünyanın ən inkişaf etmiş iki ölkəsi arasında ticari münasibətlərə aydınlıq gətirən bu görüş ərəfəsində ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, o, həmkarı Si Cinpin ilə “görüşməyə can atmır, amma Pekinə səfər edə bilər”.

“Tarif barışığı” üç ay uzadılıb

Pekin və Vaşinqtonun may və iyun aylarında həftələrlə davam edən “tit-for-tat” tariflərini və nadir torpaq minerallarının tədarükü ilə problemi həll edən ilkin razılaşmalar əldə edildikdən sonra Çin  Tramp administrasiyası ilə davamlı tarif razılaşmasına nail olmaq üçün avqustun 12-də yüksək səviyyədə görüşün olacağını istisna etmir.

Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Şotlandiyada keçirdiyi geniş mətbuat konfransında bu danışıqlara da toxunub. O, Çinlə razılaşmaya ümid etdiyini bildirib. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qreer özünün də iştirak etdiyi Stokholm danışıqlarının birinci günü ilə bağlı CNBC telekanalına deyib: “Mənim gözlədiyim şey bu günə qədər razılaşmamızın icrasını izləmək və yoxlamaq, əsas kritik mineralların tərəflər arasında dövr etdiyinə əmin olmaq və irəlidə inkişaf etmiş və balanslaşdırılmış ticarət üçün zəmin yaratmaqdır”.

Stokholm danışıqları Trampın bazar günü Aİ-nin ABŞ-a ixrac etdiyi əksər Aİ mallarına 15 faizlik rüsum tətbiq etmək üçün Avropa İttifaqı ilə imzaladığı ən böyük ticarət razılaşmasından sonra keçirilib. ABŞ maliyyə naziri danışıqların ikinci raundunun konstruktiv keçdiyini deyib. Danışıqlar nəticəsində tərəflər “tarif barışığını”, yəni müvəqqəti ticarət sazişini üç ay uzadıblar.

Əlbəttə ki, Trampın Tayvanla bağlı yeni mövqeyi təkcə Çinlə ticarət razılaşması ilə bağlı deyil. Burada diqqət çəkən məqamlardan biri Çini Rusiyaya dəstək verməkdən çəkindirməkdir. Tramp administrasiyası hesab edir ki, Çin Rusiya ilə ticarət əlaqələrini azaltsa, bu ölkədən neft-qaz alışını məhdudlaşdırsa, o zaman Moskvanın mövqeyi zəifləyəcək. Bu zəiflik Ukrayna müharibəsində də özünü göstərə bilər. Ona görə də, Tramp Vaşinqtonun siyasətində Tayvanla bağlı korrektələr etməkdədir.

ABŞ Konqresi Tayvana nümayəndə heyəti göndərəcək

Lakin prezidentin Tayvanla bağlı yeni mövqeyi ABŞ-da hamı tərəfindən müsbət qarşılanmır. Belə ki, ABŞ Konqresinin Tayvana nümayəndə heyəti göndərməsi nəzərdə tutulur.  ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker nümayəndə heyətinə rəhbərlik edəcək. “Financial Times” qəzetinin məlumatına görə, səfər avqustun ikinci ongünlüyündə  planlaşdırılır. Nəşr qeyd edir ki, Uikerin səfəri “ABŞ-Tayvan münasibətlərində incə məqama təsadüf edir”, çünki “ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşdə israrlı olması səbəbindən Tayvana kömək etmək istəməməsi ilə bağlı Vaşinqton və Taybeydə narahatlıqlar artır”. Qəzet yazır ki, ada Trampın Vaşinqtonun Tayvanın müstəqilliyinə qarşı olduğunu bəyan edən bəyanatla çıxış edə biləcəyindən xüsusilə narahatdır. Nəşr “Ağ Evin bu yaxınlarda Tayvan “prezidentinin” Mərkəzi Amerikaya gedərkən Nyu-Yorkda tranzit dayanacağı ilə bağlı tələbini rədd etdiyinə” də  diqqət çəkib.

Bütün bunların fonunda ABŞ-ın Tayvan mallarına 32 faizlik tarif tətbiq etməsi də Trampın mövqeyinin göstəricisidir. Lakin Vaşinqtonun Tayvanla əlaqələri tam kəsəcəyi real deyil. Çünki Tayvan amili ABŞ-ın Çinə qarşı əsas təsir vasitələrindən biri olaraq qalır.

N.BAYRAMLI

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr