AZ

Milli musiqimizin ağır itkisi

Görkəmli sənətkar Arif Babayevlə vida mərasimində ümumxalq hüznü və ehtiramı ilə əbədiyyətə yola salınan Xalq artisti barədə aldığımız qısa müsahibələri təqdim edirik.

Adil Kərimli, mədəniyyət naziri:

– Səhər saatlarında aldığımız xəbər hər kəsi və mədəniyyət ictimaiyyətini kədərləndirib. Bu, mədəniyyətsevərlər üçün ciddi itkidir. Arif Babayev xəstəliyi ilə bağlı müalicə alırdı və onun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində idi.

Tale elə gətirdi ki, o, bu gün bizimlə vidalaşdı. O, xalqımızın ürəyində daim yaşayacaq. Biz artıq xarici ölkələrdən başsağlıqları alırıq. Biz də bütün ictimaiyyətə başsağlığı veririk. Arif Babayevin xatirəsi daim yaşayacaq.

Orxan Fikrətoğlu, mədəniyyət nazirinin müşaviri, yazıçı-jurnalist:

– Elə insanlar var ki, onlar böyük bir epoxanı təmsil edirlər. Arif Babayev bizim səhnəmizin əvəzolunmaz Məcnunlarından biri idi.

Arif Babayevin qəlblərə ötürdüyü sənət yaşandıqca, yeni nəsil də onu unutmayacaq, Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfələrə görə daim yad olunacaq. Arif Babayev muğam sənətində ikinci nəfəs verən, onun dirçəlməsinə xidmət edən ustaddır. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsidir. Onun xatirəsi əbədi yaşayacaq. Biz vida mərasimində sənət cameəsi olaraq borcumuzu əlbəttə, ödəməliyik.

Mənsum İbrahimov, Xalq artisti:

– Arif Babayev sağlığında əfsanəyə çevrilmiş, böyük bir məktəb yaratmış sənətkar, xalqın qəlbində özünə heykəl ucaldan şəxsiyyət idi. Arif müəllim hamımızın ustadı olmuşdu. Yüzlərlə tələbə yetişdirmiş, muğam sənətinə misilsiz töhfələr vermişdi. 35 ildən artıq Opera və Balet Teatrında fəaliyyət göstərərək baş rollarda çıxış etmişdi.

Onun xidmətləri əvəzsizdir – muğam sahəsində elə bir irs qoyub gedib ki, bu miras nəsillərlə yaşayacaq. Təkcə sənətkar yox, həm də böyük bir ictimai xadim idi.

Nəzakət Teymurova, Xalq artisti:

– Arif müəllim, demək olar ki, bütün sahələrə əl atmışdı. O həm xanəndəlik, həm opera sənəti, həm də pedaqoji fəaliyyət sahəsində böyük xidmətlər göstərib. Hara baxırsan, onun izi, onun kölgəsi var. Bu gün xalq artistləri, əməkdar artistlər arasında Arif müəllimin tələbələri çoxdur. O, sadəcə bir müəllim yox, bir şəxsiyyət idi. Biz onu sevdik, onunla qürur duyduq. Onun məsləhətləri, zarafatları, həyat dolu yanaşması bizim üçün çox dəyərli idi. Allah ruhunu şad eləsin.

Hazırladı:
Tahir AYDINOĞLU
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr