İngiltərənin qadınlardan ibarət futbol millisi ötən bazar günü sosial şəbəkələrdə təhqirlərə məruz qalıb.
İdman.biz xəbər verir ki, 2025-ci il Avropa çempionatının finalı zamanı İngiltərə komandası haqqında “aqressiv və ya narahatlıq doğuran məzmun” ehtiva edən üç min paylaşım edilib.
Britaniyanın onlayn təhdidlərə nəzarət xidməti "Moonshot" İngiltərə millisinin oyunçularına və baş məşqçi Sarina Viqmana qarşı yönəlmiş zorakılıq təhdidlərini və təhqirləri təhlil edib. Tədqiqat zamanı müəyyən olunub ki, sosial şəbəkələrin əksəriyyəti bu təhqiredici məzmunu silməyib.
Şirkət final oyunu zamanı 30 sosial şəbəkədə paylaşılan 73 400 yazını araşdırıb. Bunlardan 3 000-i “açıq-aşkar düşməncəsinə və ya narahatlıq doğuran məzmun” olub, o cümlədən “qeyri-müəyyən təhqiramiz ifadələr” və qadınlara qarşı nifrət (mizoginiya) daxildir.
"Moonshot" 95 paylaşımı — konkret futbolçulara və ya baş məşqçiyə yönəlmiş olanları — sosial platformalara bildirib. Lakin bu paylaşımların 99%-i silinməyib.
Bu 95 paylaşımın 42%-i irqçi təhqirlər, 29%-i qadınlara qarşı nifrət (mizoginiya), 12%-i cinsi obyektivləşdirmə, daha 11%-i isə seksual oriyentasiya ilə bağlı olub.
Ən çox hücum 19 yaşlı Mişel Agyemanga yönəlib – o, turnirin ən yaxşı gənc futbolçusu seçilib və finalda ikinci hissənin ortalarında meydana daxil olub. Paylaşımların böyük hissəsi onun dərisinin rəngi ilə bağlı idi.
İdman.biz