BAKI, TurkicWorld, Nailə Babazadə
Suriya Energetika Nazirliyinin Korporativ Əlaqələr müdiri Əhməd Süleyman bildirib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə ölkədə elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə artacaq və gündəlik elektrik verilişi 10 saata qədər yüksələcək.
TurkicWorld xəbər verir ki, 14 illik müharibədən sonra yenidənqurma mərhələsinə qədəm qoyan Suriyada enerji infrastrukturunun böyük ölçüdə dağıldığını vurğulayan Süleyman, bu sahədə bərpa işlərinə ciddi səy göstərildiyini qeyd edib.
Hazırda ölkənin elektrik istehsal gücünün 1500–2000 meqavat arasında olduğunu deyən Süleyman əlavə edib ki, “24 saat fasiləsiz enerji təminatı üçün təxminən 7000 meqavat gücə ehtiyac var. Yenidənqurma və sənaye istehsalının artması ilə bu ehtiyac 14-15 min meqavata qədər yüksələcək.”
Süleymanın sözlərinə görə, Azərbaycandan gələn və Türkiyə üzərindən nəql olunan gündəlik 3,4 milyon kubmetr təbii qaz bu gündən etibarən Suriyaya çatacaq.
“İstehsal gücünün 2500–3000 meqavata çatdırılması ilə elektrik verilişi indiki gündəlik 4 saatdan təxminən 10 saata yüksələcək. Qaz axını şənbə günü başlayır, xalq bu artımı bazar və ya ən geci bazar ertəsi günü hiss edəcək,” – deyə o bildirib.
Əhməd Süleyman ilk mərhələdə qazın Hələbdəki elektrik stansiyasına yönləndiriləcəyini, növbəti mərhələlərdə isə bu qazın Hama və Humsdakı stansiyalara da çatdırılmasının planlaşdırıldığını qeyd edib. O əlavə edib ki, Türkiyə tərəfdəki təzyiq vəziyyətindən asılı olaraq ölkənin cənubundakı digər elektrik stansiyaları da bu qazdan faydalana bilər.