AZ

Üçtərəfli işçi qrupu “ölü qurum”a çevrilib

Sülhə aparan yol isə ikitərəfli əməkdaşlıqdan keçir

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla regionda yeni geosiyasi reallıq yarandı. Bu reallığın fonunda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və dövlət sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2021-ci ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə xüsusi üçtərəfli işçi qrupu yaradıldı. Qrupda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar.

İşçi qrupu yaradılanda əsas hədəflərdən biri iki dövlət arasında sərhədlərin müəyyənləşməsi ilə yanaşı, Zəngəzur dəhlizinin işə salınması idi. Moskva bu layihəni Cənubi Qafqazda nəqliyyat-logistika şəbəkəsinin açılması və eyni zamanda, Rusiya üçün strateji nəzarət aləti kimi görürdü. Rusiya baş nazirinin müavini Aleksey Overçukun regiona mütəmadi səfərləri bu məqsədlə həyata keçirilirdi. Səfərlər zamanı Rusiya tərəfi Ermənistan ərazisindən keçəcək birbaşa və nəzarətli dəhlizin yaradılmasına xüsusi önəm verdiyini açıq şəkildə bildirirdi. Lakin bu niyyət Ermənistan tərəfindən ciddi müqavimətlə qarşılandı və rəsmi İrəvan dəhlizin “Qeksteryor nəzarətlə” fəaliyyət göstərməsinə qarşı çıxaraq onun suverenlik prinsipinə zidd olduğunu bəyan etdi.

Digər tərəfdən, Azərbaycan da məsələyə fərqli yanaşma sərgilədi. Bakı hesab edirdi ki, istər dəhliz məsələsi, istərsə də digər kommunikasiya layihələri yalnız iki tərəfin razılığı əsasında həyata keçirilməlidir. Bu layihələrə üçüncü tərəfin, xüsusilə də geosiyasi maraqları olan güclərin müdaxiləsi arzuolunmazdır. Rəsmi Bakı bildirdi ki, regional məsələlər bölgə ölkələrinin özlərinin iştirakı və qarşılıqlı etimad mühitində həll olunmalıdır.

Məhz bu ziddiyyətli mövqelər və iştirakçı ölkələrin fərqli maraqları üçtərəfli işçi qrupunun fəaliyyətini zəifləti və onu passif qrupa çevirdi. Qrupun fəaliyyətsizliyi artıq rəsmi şəkildə təsdiqlənməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan 2025-ci il iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirdi ki, komissiya hazırda fəaliyyət göstərmir. O, bunun əsas səbəbləri sırasında texniki çətinlikləri, razılaşdırılmış sənədlərdəki uyğunsuzluqları və ümumi inamsızlığı göstərdi. Rusiya tərəfi də bu struktura ciddi perspektiv kimi yanaşmır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, komissiyanın fəaliyyətinin dayanmasının əsas səbəbi Ermənistanın qeyri-müəyyən mövqeyi və Qərb ölkələrinin prosesə destruktiv təsiridir. Bu bəyanat faktiki olaraq, Rusiya tərəfindən işçi qrupun uğursuzluğunun etirafı kimi dəyərləndirilə bilər.

***

Üçtərəfli mexanizmin dağılması həm də Cənubi Qafqazdakı geosiyasi durumun dəyişməsi ilə izah edilə bilər. Son illər Rusiya Ukrayna müharibəsi və digər qlobal siyasi-iqtisadi çağırışlarla üzləşərək regionda əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Bu isə Azərbaycanla Ermənistan arasında birbaşa təmasların artmasına və vasitəçisiz danışıqlar mühitinin yaranmasına yol açıb. Artıq Azərbaycan və Ermənistan nümayəndələri paralel olaraq delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiya çərçivəsində mütəmadi görüşlər keçirir. Bu da onu göstərir ki, real proseslər ikitərəfli müstəviyə keçib və üçüncü tərəfin iştirakı olmadan müəyyən razılaşmalar əldə edilə bilər. Bu, həm tərəflər arasında etimad mühitinin formalaşdığını, həm də üçüncü tərəfin, xüsusən Rusiya kimi aktorun bu prosesdə iştirakının əhəmiyyətini itirdiyini göstərir. Bunun bariz nümunəsi 2024-cü ilin yazında sərhədin Tavuş–Qazax istiqamətində əldə edilən razılaşmadır. İki ölkə arasında aparılan birbaşa danışıqlar nəticəsində Qazax rayonuna məxsus Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli silah işlədilmədən, diplomatik yolla Azərbaycana qaytarıldı. Bu, 30 ildən artıq davam edən işğal vəziyyətinin və hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması baxımından mühüm siyasi və hüquqi hadisə idi.

Hazırda gözləntilər delimitasiya prosesinin növbəti mərhələsində eksklav 3 kəndin taleyinin də müzakirəyə çıxarılması və danışıqlar yolu ilə məsələnin həll olunması yönündədir. Əvvəlki mərhələdə əldə olunan sülh razılaşmaları göstərdi ki, qarşılıqlı etimad və siyasi iradə mövcud olduqda, problemin zorakılıqdan uzaq şəkildə, diplomatik yolla həlli mümkündür

Ən əsası, Əbu-Dabi görüşündə dövlət başçıları delimitasiya üzrə komissiyanın fəaliyyətinin aktivləşdirilməsinə dair konkret tapşırıq veriblər. Bu isə onu göstərir ki, tərəflər öz aralarında birbaşa əlaqə və qarşılıqlı siyasi iradə əsasında real nəticələr əldə edə bilirlər. İki ölkə arasında sərhədin digər istiqamətlərində də uğurlar əldə edəcəklər. Bu, üçtərəfli deyil, iki tərəfli görüşlər çərçivəsində mümkün olacaq.

Bununla bağlı politoloq Aydın Quliyev XQ-yə bildirdi ki, iki ölkə arasında delimitasiya prosesi hüquqi əsaslarla və qarşılıqlı razılaşma ilə yekunlaşmalı, ərazi bütövlüyü tam təmin olunmalıdır: “Bu, həm ədalətin bərpası, həm də regionda sülhün dayanıqlı əsaslar üzərində qurulması üçün zəruridir. Əbu-Dabi görüşündə iki ölkənin dövlət başçıları delimitasiya komissiyasının fəaliyyətinin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəliblər. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bildirib ki, tərəflər arasında bu proseslə bağlı ciddi fikir ayrılığı mövcud deyil. Bu onu göstərir ki, vasitəçisiz aparılan ikitərəfli danışıqlar artıq konkret nəticələr verir. O ki qaldı üçtərəfli formata, artıq bu format iflasa uğrayıb. İndiki reallıqda işləməyən komissiyanın saxlanmasına ehtiyac yoxdur. Diplomatik protokollar baxımından belə strukturlar bəzən rəsmən ləğv edilməsə də, onların fəaliyyətsiz qalması onu “ölü format” statusuna gətirir. İnanıram ki, mövcud reallıqlar və regionda yaranmış yeni dinamikalar fonunda bu komissiyanın yaxın aylarda ya formal olaraq ləğv ediləcəyi, ya da tamamilə passiv statusda qalacağı ehtimalı yüksəkdir. Çünki Azərbaycanla Ermənistan arasında danışıqlar ikitərəfli formatda aparılır. İkincisi, tərəflər arasında birbaşa əlaqə kanalları mövcuddur və onlar işləkdir. Üçüncüsü, Rusiya regional proseslərdə əvvəlki rolunu itirməkdədir. Dördüncüsü, tərəflər arasında qarşılıqlı etimadın formalaşması vasitəçilərə ehtiyacı azaldır.

Bütün bunlar göstərir ki, bu komissiyanın formal mövcudluğu sadəcə kağız üzərindədir və əgər tərəflərdən biri, xüsusən də Azərbaycan və ya Ermənistan prosesin effektivliyi naminə bu strukturun rəsmi ləğvini irəli sürərsə, bunun diplomatik baxımdan da əsaslandırılmış izahı olacaq. Görünür, hələlik buna ehtiyac duyulmur. Onsuz da üçüncü tərəfin proseslərdə iştirakı faktiki olaraq mövcud deyil və komissiya formal xarakter daşıyır. Amma tez-gec fəaliyyətsiz bir qrum kimi tarixin arxivinə qovuşacaq ”.

Bugünkü geosiyasi və diplomatik reallıqlar göstərir ki, Azərbaycan və Ermənistan arasında regiondakı əsas məsələlərin həlli üçün birbaşa, vasitəçisiz format daha səmərəli və nəticəyönümlü yanaşma formalaşdırıb. Son aylar tərəflər arasında ikitərəfli formatda baş tutan təmaslar, əldə olunan razılaşmalar və praktiki addımlar sübut edir ki, artıq prosesin effektiv irəliləməsi üçün üçüncü tərəfin iştirakı zəruri deyil.

Bu kontekstdə Rusiya–Azərbaycan–Ermənistan üçtərəfli komissiyası faktiki olaraq öz funksionallığını itirib. 2020-ci ildən sonra sülhə aparan mexanizmlərdən biri kimi nəzərdə tutulan bu platforma hazırda daha çox simvolik xarakter daşıyır və tərəflərin birbaşa qarşılıqlı fəaliyyət imkanlarını məhdudlaşdırmaq riski yaradır. Komissiyanın formal şəkildə saxlanılması isə yalnız süni status-kvonun qorunmasına və prosesin uzadılmasına xidmət edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr