“İyulun 31-də Rusiyanın bir sıra mətbuat orqanlarında, o cümlədən dövlətə məxsus media orqanlarında Xankəndidə Ayvazovskinin abidəsinin abidəsinin sökülməsi ilə bağlı məlumatlar dərc edildi. Bundan sonra bir neçə rus politoloqu, dövlət adamları da sözügedən məqaləni şərh etməyə başladılar. Aydın məsələdir ki, həmin məqalənin dərc edilməsi və bundan sonrakı reaksiyalar əvvəlcədən hazırlanmış ssenari üzərində gedirdi. Diqqət çəkən məqamlardan biri Rusiyanın dövlət agentliyi sayılan “TASS”da dərc edilən məqalədə “Stepanakert” adının çəkilməsi oldu. Bu, Azərbaycan cəmiyyətində, doğrudan da, hiddətlə, hətta ilk olaraq təəccüblə qarşılandı. Halbuki Azərbaycanın tam olaraq ərazi bütövlüyü və suverenliyi təmin ediləndən sonra “Stepanakert” adı tarixə qovuşub. Bu, Xankəndimizə qoyulan qondarma ad idi və bu adı sovet dövründə ermənilər Stepan Şaumyanın şərəfinə qoymuşdular. Belə bir adın istifadəsi birmənalı qarşılanmamalıdır və qarşılanmadı da”.
Bu sözləri Pravda.az-a açıqlamasında “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
“Rusiya cəmiyyətini niyə Ayvazovskinin abidəsinin sökülməsi narahat edir? İvan Ayvazovskinin abidəsi 2021-ci ildə rus sülhməramlı kontingenti yerləşəndə Xankəndinə qoyulub. Araşdırsaq, görərik ki, onun Qarabağa heç bir dəxli yoxdur. O, Hovhannes Ayvazyandır və Feodosiyada anadan olub, sonradan Rusiyanın hərbi donanmasında qulluq edib. Feodosiyada və donanmada qulluq dövlərində dəniz mövzusundan ilhamlanaraq dənizə aid monumental rəsmlər yaradıb. O, dünya şöhrətli rəssamdır. Bunu hamı qəbul edir, amma onun abidəsinin Qarabağda qoyulması hansı anlama gəlir? Məntiqi nədir? Qarabağın hansısa dənizə çıxışı var? Xeyr. Ayvazovski Qarabağda olub, hansısa bir əsər yaradıb? Xeyr. Onun heykəlini ermənilər sırf erməniləri və Rusiyanı bağlayan bağ kimi sülhməramlılar olan dövrdə Xankəndidə yerləşdirmişdilər. Azərbaycan dövləti də mütəmadi olaraq Qarabağı belə qondarma abidələrdən qoruyur, Qarabağı onun tarixinə, mədəniyyətinə aid olmayan qurama abidələrdən təmizləyir. Bu, tam doğru addımdır və şişirilib Rusiya mətbuatına çıxarılmasında, əlbəttə ki, tam başqa məqsədlər güdülürdü. Düşünürdülər ki, bununla Azərbaycan cəmiyyətinə hansı təsirləri edə bilərlər”, - F.Hüseynəliyev bildirib.
Onun sözlərinə görə, Rusiya bu addımı həm də bir tərəfdən Azərbaycanda separatçılığın toxumlarının yenidən cücərməsi kimi təbliğ edə bilər, lakin hamısı boş şeylərdir: “Rusiya mətbuat orqanları Xankəndi adını qəbul etməyib onu “Stepanakert” adlandırırlarsa, tarixə nəzər salaq. Rusiyada adı dəyişdirilən kifayət qədər şəhərlər var. Məsələn, çar imperiyası dönəmindəki adların sonradan sovet dönəmində dəyişdirilməsi, Rusiya müstəqil olduqdan sonra köhnə adların yenidən qaytarılmasını qeyd edə bilərik. Kalininqrad şəhəri keçmişdə Almaniyanın Keniqzberq şəhəri olub. İkinci Dünya müharibəsinin nəticələrinə görə, sovet dövlətinin tərkibinə keçib və indi də Rusiyanın tərkibindədir. Şəhərin adı 1946-cı ildə dəyişdirilib. Hətta 1945-ci ildə sovet dövlətinin tərkibinə keçəndə adı Keniqzberq qalmışdı, çünki bu, 1250-ci illərdə tikilən şəhər 1946-cı ilə qədər Keniqzberq adlandırılıb. Bunun önəmli izahı var. Keniqzberq sözü alman dilindən tərcümədə “kralın dağı” deməkdir. “Kalininqrad” sözü isə rusiyalı bolşevik Kalininin adı ilə bağlı qoyulub. Yəni “Stepanakert” kimi Kalininqrad da qondarma addır. Keniqzberqdə sırf alman, Qərbi Avropa arxitekturası daha çox gözə çarpır. Yəni rus mətbuat orqanları ilk növbədə Azərbaycan mətbuatının və cəmiyyətinin kifayət qədər bilikli olmasını nəzərə almalıdır. İndiki dövrdə istənilən məlumatı tapa, araşdıra, üzə çıxara və yenidən üzərinə gedə bilərik. Belə səhvlərə yol verməklə Rusiya mətbuatı və cəmiyyəti özü üçün uyğunsuz mənzərə yaradır və özünü pis vəziyyətdə qoyur”.
Aytəkin Qardaşova