Rəsmi Vaşinqtonun Çinlə ticarət müqaviləsi bağlamaq üçün bütün ilkin şərtləri var.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Bu həftə Stokholmda keçirilən görüş Çinlə danışıqlarımızı inkişaf etdirdi və mən inanıram ki, hər iki böyük ölkənin xeyrinə olacaq saziş bağlamaq üçün bütün ilkin şərtlər var”, - bunu S.Bessent “X” sosial şəbəkəsində yazıb.
Lakin tezliklə paylaşım silinib. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, paylaşım ona əlavə edilmiş şəkillər səhv yükləndiyi üçün yenidən dərc edilib.
O, həmçinin qeyd edib ki, paylaşımdakı ifadələr S.Bessentin bu həftə müxtəlif media orqanlarına müsahibələrində söylədiklərinə uyğundur.
“Birləşmiş Ştatlar Çinlə ticarət razılaşması əldə etmək potensialına malik olduğuna inanır, lakin onlar 100 % hazır deyil”, - bu sözləri S.Bessent CNBC-yə bildirib. O həmçinin vurğulayıb ki, bu həftə Stokholmda keçirilmiş ikigünlük ticarət danışıqları zamanı ABŞ tərəfi əhəmiyyətli dərəcədə “geri çəkilib”.
Qeyd edək ki, Çin avqustun 12-dək Prezident Donald Trampın administrasiyası ilə uzunmüddətli tarif razılaşmasına nail olmalıdır. Pekin və Vaşinqton may və iyun aylarında tariflərin artırılmasını dayandırmaq üçün ilkin razılaşmalar əldə ediblər.