BAKI, 2 avqust. TELEQRAF
Azərbaycan kinematoqrafiyasının ən uğurlu filmlərindən sayılan “Bəyin oğurlanması”nın çəkilməsindən 40 il ötür. 1985-ci ildə lentə alınmış bədii filmin hər bir epozidonu əzbər bilsək də, onu təkrar-təkrar izləməkdən yorulmuruq. Musiqili komediya filmini bizə ən çox sevdirən komik situasiyalarla yanaşı ekran əsərindəki deyimlərdir. Dillər əzbəri olan həmin məşhur ifadələr və sitatlar gündəlik həyatımızda yeri gələndə çox işlədilir. Onların arasında bir ifadə, daha dəqiq desək, aşağıdakı kiçik dialoq da yer alır:
- İstəməzsən ki ya səni - ucqar kənd sakinini uzaq Liviya səhrasında görsünlər, alqışlasınlar? Hə?
- Yox!
- Düz deyirsən. Elə səni görməsələr yaxşıdır.
Dialoq üç nəfər – kinorejissor Əsəd müəllim (Xalq artisti Həsən ağa Turabov), operator Tağı (Xalq artisti Hacı İsmayılov) və kütləvi səhnə aktyoru arasında gedir. “Yox!” deyən qarayanız kişinin kimliyi bu vaxta qədər naməlum qalıb.
Teleqraf 2 Avqust – Milli Kino Günü ərəfəsində “Elə səni görməsələr yaxşıdır” sözlərinin ünvanlandığı həmin epizodik qəhrəmanın kimliyini araşdırıb.
Zərgərpalanın “Ağzı qara” ləqəbli sakini
Deyilənlərə görə, həmin kişi vaxtilə Bakının indiki Zərgərpalan, keçmiş Qasım İsmayılov küçəsində yaşayıb. Məhəllənin mehriban, hörmət bəslənilən və nüfuzlu sakinlərindən biri olub. Sakinlər arasında bəzən baş verən mübahisələrin həllində, xeyir-şər işlərində yaxından iştirak edib. Zərgərpalanın köhnə sakinləri həmin şəxsin “Azərbaycanfilm” kinostudiyasında sürücü vəzifəsində çalışdığını bildiriblər. Onun ad-soyadını xatırlayan olmayıb, amma həmin kişinin qarayanızlığına görə daha çox “Ağzı qara” ləqəbi ilə tanındığı qeyd edilib. “Ağzı qara”nın vaxtilə Zərgərpalan küçəsində yaşamış Xalq artisti Həsənağa Turabovla dostluq etdiyi də bildirilib. O, evli olsa da, övladlarının olmadığı deyilib. İdarə etdiyi kinostudiyaya aid maşınla məhəlləyə gələndə fərqli nəqliyyat vasitəsi uşaqdan tutmuş böyüyə qədər hamının böyük marağına səbəb olardı.
Maraqlı məqam ondan ibarətdir ki, “Bəyin oğurlanması” həmin şəxsin epizodik rolda çəkildiyi yeganə film olmayıb. O, 1964-cü ildə lentə alınmış “Ulduz” filmində peşəsinə uyğun rolda çəkilib. Gülümsərov (Xalq artisti Bəşir Səfəroğlu) və fotomüxbirin (Fazil Salayev) hərəkət etdiyi və qəzaya uğrayan avtomobilin sükanı arxasında məhz o əyləşib.
Adı Məmmədəli idi, yüksək vəzifəli şəxsin sürücüsü olub
Qəhrəmanımızın vaxtilə kinostudiyada çalışması araşdırmamızı davam etdirməyimiz üçün bir ipucu oldu. Onun barəsində yeni məlumatlar əldə etmək üçün “Azərbaycanfilm” kinostudiyasında 1973-1990-cı illərdə Avtonəqliyyat sexinin rəhbəri vəzifəsində çalışmış Əməkdar mədəniyyət işçisi Arif Səfərovla əlaqə saxladıq. O, məşhur filmin naməlum qəhrəmanının vaxtilə kinostudiyada sürücü kimi çalışdığını təsdiqləyib.
A.Səfərovun sözlərinə görə, həmin kişinin adı Məmmədəli olub:
“Məmmədəli kişi səsyazan texnikanın daşındığı maşının sürücüsü idi. Kinostudiyaya gələnə qədər Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun atası Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sürücüsü olub. Daha sonra onu kinostudiyaya göndərdilər. Yaxşı insan olub. Təqaüd yaşına çatandan sonra belə işləməyə davam edib. Haradasa 1990-cı ilə qədər. Qısa zamandan sonra ağır xəstəlikdən vəfat etdi. Kinostudiyada işləyən sürücülərin çoxu kütləvi səhnələrdə çəkilirdi. Məmmədəli kişinin idarə etdiyi maşın stasionar idi. Aparaturanı texnik işə salırdı. Sürücüsü Məmmədəli isə bekar qalırdı deyə kütləvi səhnələrdə çəkilib. Onun ailəsi barədə məlumatım yoxdur”.
Arif müəllim Məmmədəli kişinin soyadını dəqiq xatırlamasa da, onun ya Əliyev, ya da Əlizadə olduğunu vurğulayıb.
“Nə yaxşı ki, onu çəkiblər, filmin yaddaqalan fraqmentlərindən biridir”
Epizodik qəhrəmanın adını öyrənəndən sonra onunla eyni fraqmentdə yer almış Xalq artisti Hacı İsmayılovu danışdırmaya bilməzdik. Hacı müəllim öncə dedi ki, “Bəyin oğurlanması” və “Yol əhvalatı” filmləri çəkiləndə yaradıcı heyət heç bilməzdi ki, vaxt ötəcək və onlar tamaşaçıların çox xoşuna gələcək.
“Bəyin oğurlanması” tammetrajlı filmi Vaqif Mustafayev və mərhum Ceyhun Mirzəyevin ilk birgə müstəqil işi olub. Ssenari müəllifi Mövlud Süleymanlı idi. Müəllif ssenarisinə uyğun olaraq rejissor ssenarisi də olur. Orada rejissorun filmi necə görməsi, hansı aktyorların çəkilməsi ilə bağlı öz fikirləri yer alır. Kinostudiyanın istehsalı olan filmlərdə həmişə aktyorlarla yanaşı kinostudiya işçiləri də çəkilirdi. Onların arasından epizoda, kiçik rollara uyğun gələnləri seçirdilər. Əksər filmlərdə kinostudiyada çalışan, amma aktyor olmayan əməkdaşlar çəkilib. Bildiyiniz kimi, “Bəyin oğurlanması” Şamaxının Məlhəm kəndində lentə alınıb. Filmdə kənd sakinləri ilə yanaşı kinostudiyanın işçiləri də çəkilib. Onlardan biri də Məmmədəli kişidir. Onun çox tipik üzü var idi. Üzü həmişə gülürdü. Rejissorlar baxdılar və onun üz quruluşu ilə fraqmentdəki sözlər yerinə düşürdü deyə onu çəkdilər. O, kinostudiyanın sürücüsü idi. Nə yaxşı ki, onu çəkiblər, filmin yaddaqalan fraqmentlərindən biridir. Həmin epizodu tamaşaçılar da çox yaxşı xatırlayırlar. Məmmədəli kişi həmin epizodla yadda qalıb. Belə xatırlayıram ki, həmin epizod 2-3 dubla çəkilib”.
Hacı müəllim söhbətimizin sonunda filmə göstərdiyimiz diqqətə görə təşəkkürünü bildirərək arzu etdi ki, Azərbaycan kinosunda “Bəyin oğurlanması” kimi filmlər çox olsun və peşəkar olmayan aktyorların da oyunu yadda qalsın.
“O, əsl kino işçisi idi”
Məmmədəli kişi haqqında filmin rejissoru Xalq artisti Vaqif Mustafayevlə də həmsöhbət olduq. Onun sözlərinə görə, “Bəyin oğurlanması”na 40 ildir baxılırsa və film sevilirsə, deməli Azərbaycan kinosunun klassikasına çevrilib.
“Bu onu sübut edir ki, filmlə bağlı seçimlər də, dialoqlar da düzgün olub. Hər şey öz yerindədir.
Məmmədəli kişi sürücü idi, elektrik cərəyanı ilə təchizatı təmin edən “Lixtvagen” maşınını idarə edirdi. O, əsl kino işçisi idi. Çox koloritli insan idi. Məmmədəli kişi göz qabağında idi, onu çəkdik. Görürsünüz ki, nəticəsi də yaxşı olub. Özü də istedadlı insan idi. Sizin sayənizdə onu yada saldım. O, çox zəngin, gözəl və ağır təbiətli insan idi. Həyatda olub-olmadığını bilmirəm. Həyatdadırsa Allah canını sağ eləsin, dünyasını dəyişibsə Allah rəhmət eləsin”.
Teleqraf İnformasiya Agentliyi Milli Kino Günü münasibətilə Xalq artistləri Hacı İsmayılov və Vaqif Mustafayev də daxil olmaqla bütün kino işçilərini təbrik edir, onlara yaradıcılıq uğurları diləyir. “Bəyin oğurlanması” filminin digər məşhur sitatlarına əsasən, kino çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib. Həm də öz kinomuza bir dəfə baxmırıq, amma onun-bunun kinosuna 43 dəfə baxırıq. Arzu edirik ki, qəliz və vacib məsələdən baş çıxaranlar elə filmlər çəksinlər ki, öz kinomuzu 43 dəfə izləyək.