Savadsızlıq pasportu və ya xaricdə “təhsil” macərası...
Son illər Azərbaycanda maraqlı, amma eyni zamanda düşündürücü bir tendensiya formalaşıb: Buraxılış və qəbul imtahanlarında cəmi 30-40 bal
toplayan abituriyentlər belə xaricdə, xüsusən də Türkiyə universitetlərində “təhsil almağa” gedirlər. Hətta bu proses o qədər geniş vüsət alıb ki,
artıq bəzi ailələr üçün “imkansız halda belə övladını xaricə göndərmək” adətə çevrilib.
Ramin Nurəliyev
Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirir ki, bu meylin əsas səbəbləri həm valideynlərin yanlış yönləndirməsi, həm də təhsil
sistemindəki boşluqlardır. Onun sözlərinə görə, attestatla xarici universitetlərə qəbul qanunidir, dünyanın inkişaf etmiş ölkələrində də bu təcrübə
var: “Amma bizdə fərqli bir vəziyyət yaranıb: Azərbaycanda buraxılış və qəbul imtahanında 30-40 bal yığan şagirdin Türkiyədə universitet təhsilini
uğurla başa vuracağına inanmaq çətindir. Belə gənclərin əksəriyyəti ya ali məktəbi bitirə bilmir, ya da 4 illik təhsili 7-8 ilə uzadır. 40-50 faizi, bəlkə
də daha çoxu, ümumiyyətlə diplom ala bilmir. Bəziləri isə dərsə getmədən, yalnız hərbi xidmətdən möhlət almaq üçün sənəd təqdim edir, faktiki
olaraq işləyir”.
Bu prosesin nəticəsi həm maddi, həm də zaman itkisi olur. Valideynlər bəzən illərlə borca girir, övladlarının gələcəyi naminə böyük məbləğlər
xərcləyir, amma sonunda ortada nə diplom olur, nə də savad. Bəs bu prosesin qarşısını almaq mümkündürmü? Aşağı nəticə göstərənlərin xaricdə
təhsil almaq hüququ məhdudlaşdırıla bilərmi? Yoxsa çıxış yolu yalnız maarifləndirmədir?
Ceyhun Məmmədov
Referans xeber verir ki,Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat” a açıqlamasında bildirib ki, bəzi valideynlərin övladlarını israrla ali məktəbə yönləndirməsi, hətta
bunun üçün müxtəlif yollar axtarması ciddi sosial və təhsil problemlərinə səbəb olur. Onun sözlərinə görə, bu gün bəzi valideynlər övladlarına
diplom qazandırmaq və ya onları əsgərlikdən yayındırmaq üçün hətta rəsmi boşanma kimi qeyri-adi addımlara əl atırlar: “Bu cür düşüncə tərzi
qısa müddətdə məqsədəuyğun görünsə də, gələcəkdə ailələr üçün böyük fəsadlar yaradır. Hazırda təkcə Türkiyədə təhsil alan azərbaycanlı
tələbələrin sayı 50-60 min civarındadır və onların böyük qismi attestatla qəbul olunanlardır. Amma problem ondadır ki, bu gənclərin aldıqları
diplomlar Azərbaycanda çox zaman tanınmır. Sonra bu gənclər ölkəyə qayıdır, amma diplomu tanınmır, işə düzələ bilmir. Dövlət İmtahan
Mərkəzinin qəbul ballarını aşağı salması müəyyən qədər xaricə axının qarşısını almağa hesablanıb. Amma nəticədə təhsil səviyyəsi zəif gənclər də
universitetə daxil olur, sonra isə dərslərdə çətinlik çəkir, akademik borcları artır, ali məktəbi yarımçıq qoyur. Bu, təhsil sistemində yeni problemlər
yaradır”.
Ceyhun Məmmədov hesab edir ki, hər gəncin ali təhsil alma potensialı olmaya bilər və bu, təbii haldır. Valideyn övladının potensialını nəzərə
almalıdır: “Əgər bir gəncin ali məktəbdə uğur qazanmaq şansı yoxdursa, onu məcbur etmək olmaz. Əksinə, peşə məktəblərinə, kolleclərə
yönəltmək daha məqsədəuyğundur. Peşə təhsili çox hallarda ali təhsildən daha praktik və gəlirli ola bilər. Təəssüf ki, bizdə hələ də peşə təhsilinə
qarşı yanlış yanaşma var”.
Deputatın fikrincə, bu prosesin inzibati yollarla qarşısını almaq çətindir. Ən effektiv üsul isə maarifləndirmədir. Onun sözlərinə görə, heç bir dövlət
orqanı kimsənin xaricdə təhsil almasını qadağan edə bilməz: “Düzgün təbliğat aparılmalıdır ki, gənclər yalnız qabiliyyəti, marağı və məqsədi varsa,
ali təhsilə üz tutsunlar. Digərləri isə peşə təhsilinə yönəlsin. Əks halda, itirilən illərin və xərclərin məsuliyyəti həm ailələrin, həm də cəmiyyətin
üzərinə düşəcək”.
Göründüyü kimi, “hər kəs ali təhsil almalıdır” düşüncəsi həm ailələrə, həm də dövlətə baha başa gəlir. Hər kəs üçün vacib olan ali məktəb deyil,
düzgün istiqamətləndirmədir. Əks halda, 30-40 bal yığanların xaricdə “təhsil macərası” həm gənclərin gələcəyini, həm də ölkənin insan kapitalını
itirməyə səbəb olacaq