Tural İrfan: “İsrafçı ehsan məclislərini ləğv etmək vəzifəsi əslində onların boynuna düşürdü”
Son dövrlər ən aktual məsələlərdən biri ehsan məclislərinin sadələşdirilməsidir ki, bu, ictimai tələbə çevrilib. Bu yöndə ekspertlər də dəyərli tövsiyələr verir, ziyalılar da.
Hətta Azərbaycanın bəzi rayon və kəndlərdə ehsan süfrələrindən imtina edənlərin sayı da artır, yəni bu yöndə proses başlayıb, gedir. Amma bu prosesin ləng getdiyi də diqqətdən yayınmır. Bir tərəfdən israfçılıq əleyhinə çıxılır, təmtəraqlı ehsan süfrələrinin yığışdırılması zərirətindən danışılır, o biri tərəfdən də mərasim zallarında, xeyir-şər evlərində bol ehsanın verildiyinin şahidi oluruq.
Cəmiyyətdə belə bir rəy var ki, ehsan süfrələrinin yığışdırılmasına maneçilik edənlərdən biri Qafqaz Müsəlmanları İdarəsidir (QMİ). Hətta mətbuatda da məlumatlar gedib ki, QMİ-nin rəsmi, yaxud qeyri-rəsmi tabeliyində olan mərasim evlərində ehsanın ləğv olunmasına qəti şəkildə icazə verilməz. Razı olmazlar ki, ləğv olunsun. Hətta bu mərasim evlərində getdikcə menyunu da genişləndirirlər ki, qoy çeşidləri bir az da artsın.
Maraqlıdır ki, ehsanların ləğv edilməsi ilə bağlı məsələyə QMİ hələ hər hansı bir reaksiya verməyib. Ən yaxşı halda deyiblər ki, israfçılığa yol verməyin. Nə israfçılıq? Ehsanın verilməsinin özü elə israfçılıqdır. Ehsan verilirsə, demək bu artıq israfçılıqdır. QMİ- dən belə mövqe yoxdur. Burda QMİ-nin maddi marağı var demək.
Siz necə düşünürsünüz, QMİ ehsanların ləğvinə mane olur?
“Qafqaz Müsəlmanları İdarəsi, əksinə, mərasim evlərinə təkan verməklə bu işi pozur, öz maraqlarını güdür”
Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinə bağlı olduğu deyilən mərasim evləri var: “Doğrudur, onlar əvvəldən ehsanın əleyhinə olmayıblar. Lakin indi ciddi maneə törətmələri haqda da məlumatım yoxdur. Hər halda, dövlətin qərarının əleyhinə getməyə cəsarət etməzlər. Ümumiyyətlə isə, bu idarədən dinlə bağlı faydalı nəsə gözləmək əbəsdir. İslahatlara açıq deyillər. Xarici təqlid və xarici təsirlərə meyllidirlər. İsrafçı ehsan məclislərini ləğv etmək vəzifəsi əslində onların boynuna düşürdü. Bu kimi ziyanlı adətlərin qarşısını almaq üçün maarifləndirmə aparmaq onların da təyin etdiyi din xadimlərinin vəzifəsi idi. Amma biz müşahidə etdik ki, həmin din xadimləri nəinki ehsanın ləğv olunmasına çalışdılar, əksinə, mərasim evlərində masanın başında oturub boşqabın yekəsini qabaqlarına çəkdilər. Dini biznesə, alverə çeviriblər. Mərasim evləri, yasxanalar tikib müxtəlif menyular təklif edirlər. Əgər dövlət belə bir qərara gəlibsə ki yasda ehsan ləğv edilməlidir, demək dövlətin qərarına tabe olmaq lazımdır. Qarşı çıxmaq olmaz. Xüsusilə də yasda ehsan nəinki dində vacib, nəinki müstəhəb, əksinə, dinə müxalif adətdir. Heç bir İslam məzhəbində yasda ehsan adı verilmiş qonaqlıq süfrəsi açmaq yoxdur. Bu, istismarçı ruhani təbəqəsinin din adı ilə özünə qurduğu biznes imperiyasıdır”.
T.İrfan deyir ki, şadlıq evləri sayaq mərasim evləri qurub orada hər masaya müxtəlif qiymətlər təklif edirlər. “Təbii ki, əvvəlcə Bakıdakı mərasim evlərində ehsan tamamilə ləğv edilməlidir, bunun üçün Qafqaz Müsəlmanları İdarəsi fətva verməlidir. Bu, onun vəzifəsidir. Oturub İran müctəhidlərinin fətvasını gözləməməlidilər. Milliləşməli, dövlətimizin qanunlarının, dinimizin əksinə getməməlidirlər.Varlı, imkanlı, vəzifəli adamlar üçün nəzərdə tutulmuş mərasim evlərindən qazanc götürürlər deyə kasıb, imkansız adamları sələmə, kreditə salaraq onları da bir növ bu ehsan karvanına qoşulmağa vadar edirlər. Dinimizdə yasda ehsan yoxdur. Bu birmənalı şəkildə İslam dininin əleyhinədir. Qafqaz Müsəlmanları İdarəsi normal işləmir. Qazılar Şurası formaldır. Əks halda niyə fətva vermir ki, yasda ehsan ləğv edilməlidir? Hələ əksinə, əl altından əks-təbliğat aparırlar. Bircə dəlil gətirsinlər ki, İslamda yasda ehsan vermək var. Peyğəmbərin, Əhli Beytin yasında haçan ehsan verilib? Heç zaman belə şey olmayıb. Əksinə, ölü sahibinə kömək, dəstək verilib. Bu idarəyə sanki nəzarət yoxdur və onlara xüsusi bir imtiyaz, toxunulmazlıq verilib. Hətta dövlət idarələrində belə islahatlar aparıldığı, yeniliklər, müsbət dəyişikliklər olduğu halda bu idarə hələ də Çar Rusiyası dövründəki üsulla idarə olunur. Özü dəyişməyən bir qurum başqalarını necə dəyişə bilər? Əhaliyə bircə dəfə normal bir tövsiyə, istiqamət verməyiblər”. Dövlət tərəfindən də hər il yüksək məbləğdə vəsait ayrıldığını bildirən T.İrfan qeyd etdi ki, dini yöndə yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəzərə çarpır: “Hətta çox zaman QMİ-nin korladığı bir çox məsələləri Dini Komitə yoluna qoymalı olur. Bir ölkədə ikibaşlı iş olmaz. Dövlət bu qənaətə gəlib ki, ehsan məclisləri insanları bezdirib, maddi, mənəvi ziyan vurur. Halbuki dində belə bir şərt yoxdur. İnsanlar xərcə düşür, borca girir, əziyyətə düçar olurlar. Üstəlik də uzun müddətdir ki, müdrik el ağsaqqalları bölgələrdə əhaliyə bunu tərgidirlər. Camaat da yüksək qiymətləndirib bu israfçı, qondarma adətdən xilas olduqlarına görə təşəkkür bildirir. Lakin təəssüflər olsun ki, Qafqaz Müsəlmanları İdarəsi, əksinə, mərasim evlərinə təkan verməklə bu işi pozur, öz maraqlarını güdür”-deyə T.İrfan bildirdi.
İradə SARIYEVA