Unutmağın resepti
Hərdən onun toxunduğu yerlər
qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır
Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından
Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”
Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...
Bənazir Bhutto ölməmişdi
“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən “narıncı inqilablar”ın qucağına atdılar
Sonra həyat məhkəmə çəkici ilə döydü
sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım
Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə
Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi
Hələ Bənazir Bhutto ölməmişdi - Şərq anasız qalmamışdı
mən anasız qalanda
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?
“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər
“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər
Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim
Bacım ağlamağımı eşitməsin deyə,
gecələr anamın paltarını dişləyib hönkürdüm,
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim
Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:
söküldü əlinin dərisi
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora
Qapımızın ağzında canını tapşırdı fauna
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını
Sən gedəndən sonra qapımızı açan olmadı deyə
o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi
Ana, mən Səddamın edamını gördüm
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.
Ailəmiz dağılanda öyrəndim ki,
burnunda ana qoxusu,
gözlərində ana yuxusu gəzdirən qızlar
mətbəxi əzbər bilirlər
Öyrəndim ki, anasının ömründə yıxılan kişilər
sevgini əzbər ölürlər.
Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda
Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduisu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.
Qadın uzaqlığı
Gedişindən bir gün ötdü
İndi saat on altıdır.
Belə göz yaşından sonra
Daha ömür sualtıdır.
Mənə bir pislik elə
Səni asan unutmaqçün.
Bircə əlcəyini saxla
Göz yaşımı qurutmaqçün.
Qucağım boşdur...qırıram
Köynəyimin hər düyməsin
Çobanyastığı falıtək:
“Gəlsin, yoxsa gəlməsin?”
Ən təmiz sığalımı da
Aparmısan öz üzündə.
Astara çevrilib evim
Qalmışam çölün düzündə.
Gəl bu axşam geri qayıt
Qucağından otaq düzəlt.
Uzaqlardadır xoşbəxtlik
Saçlarından uzaq düzəlt.
Sevincimi sənə verim
Qoy üzün gülsün həmişə.
Mən yaşamağa yox...səni
Xoşbəxt etməyə gəlmişəm.
Gəl həyat yenə başlasın
Dünya da sənə oxşasın
...və sən olsun dörd bir yanım
Hər gün, hər axşam səslənim:
“Ay balaca xanımım...”
Qadın təkliyi
O vaxt yelləndiyin ağac budağı
Məktub səhifəsitək qayıdar sənə.
Sonra xatırlanar gülüş yerləri...
Durub axtararsan öpüş yerlərin
Sızıldar əlində bir dodaq səsi
Pozar sükutunu bir uzaq səsi
...və səni üşüdər, elə üşüdər
Qəfil xatırlanan bir qucaq səsi.
Saçının rəngini dəyişərsən tez
Güzgüdə daraqla döyüşərsən tez
Üzün də dəyişər, amma gözündə:
Durub sənə baxar nəhəng onsuzluq
...və mənfi sonsuzluq, mənfi sonsuzluq
Kişi köynəyinə baxıb çaşarsan
Qəfil bir hönkürtü haqlayar səni.
Mən alan eynəyə ilişər telin
Saçın xatirəyə bağlayar səni.
Birgə ağrıyarıq... bax elə mən də:
Vağzalda çəkdiyin qatar rəsmini
Pencəyin cibinə büküb qoymuşam
Bax elə o gündən, ağrılı gündən
Ürəyimdən qatar keçir hər axşam.
Daha barmaqlarım əlimə gəlmir...
Bu yarım gülüşdən, yarım sevincdən
Mənə də, sənə də ömür düzəlmir.
Yaxşı iş tapırsan... geyim seçirsən
Alınmır, yenə də ömür düzəlmir.
Tutduğun əlimi aparmısan da
Bir qolum yanımda odun təkliyi.
Sənin də ömrünün bircə adı var:
“Boşluqlar içində qadın təkliyi”.
Tanışlıq tarixi
Yastığımda başının yeri qalıb
İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam
Belə soyuq tənhalıqla yatmaq da
çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam
Mən hər gecə üstünü örtməyimi
saçını qurulamağımı görürəm yuxuda
Sənsə o qədər yoxsan ki:
quruyub mətbəxə dağıtdığın su da.
Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı
Asmışdım gülüşünün şəkli kimi divardan.
Daha o da silinib... deyən daha gülmürsən
Sığınırsan yorğun axşam bircə qucaq sözünə.
Tanışlıq tarixi, görüş saatı
telefon nömrəsi, köynək ölçüsü
- hamısı unudulur, hamısı itir
Rəqəmlərlə yaşayıb böyüyən sevgilər
sonda bir sözlə bitir.
Unudulur hər şey, cizgilərin də
Şərab içməyin, yemək yeməyin də
Bir söz deyim: əgər qalsaydın,
mən səni tanıyardım getməməyindən.
Moskva göz yaşlarına inanmır
Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü
Daha səndən heç nə qalmadı bu şikəst evdə
Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün
Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb
Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa
bir də onsuzluq dövrü olur insan ömrünün
Yalandı, Zen... Yalandı
insanı qocalıq yox, onsuzluq dövrü öldürür
Qucaqladığım qadınları birləşdirib
özümə bir ana düzəldə bilmədim...
Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: “Gəlmədi...”
Zen, qadını ən çox atası unudur
Ən çox xatirələr xəstələndirir adamı
İştahın olmur yemək yeməyə,
yaşamağa,
...gəlməyə
Nədənsə metro çıxışlarından heç vaxt “O”na tərəf çıxmadıq
Heç vaxt tapa bilmədik unutmağın reseptini
Əlimizdə onu axtarmaq öldü
Ayağımızda çıxıb gəlmək...
Sənə gülmək gətirəcəm, qızım, doyunca gülmək...
Daha buruq saçlar unutmasın
Sən də unutma, Zen, sən də unutma:
Ayrılıq haqqında deyilmiş ən gözəl söz - ayrılmamaqdı.
Aqşin Evrən