O, 1912-ci il mayın 31-də Bakının Novxanı kəndində dünyaya göz açmışdı. Həyat yolları isə ovaxtkı ucsuz-bucaqsız ölkənin - Sovetlər İttifaqının paytaxtı Moskvayadək uzanmışdı. İlk əvvəl Bakının neft mədənlərində fəhlə olan bu məşhur neftçi-mühəndis pillə-pillə SSRİ-nin qaz sənayesi naziri vəzifəsinədək yüksəlmişdi.
Böyük neft təşkilatçısı Sabit Atababa oğlu Orucovdan gedir söhbət. O, orta təhsil almış, fabrik-zavod məktəbində oxumuşdu. Sonra üç il orta məktəbdə dərs demişdi. 1931-ci ildə Azərbaycan Neft Sənayesi İnstitutuna daxil olmuşdu. 1936-cı ildə ali təhsilini başa vuraraq Suraxanı mədənlərində kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, baş mühəndis, direktor işləmişdi.
Sonralar çoxillik fəaliyyətində çoxsaylı iş yerləri dəyişmişdi. Ona görə yox ki, eyni vəzifədə uzun müddət işləyə bilmirdi, necə deyərlər, bir yerə kül tökən deyildi. Ona görə ki, bilik və təcrübəsi harada daha çox lazım idisə, onu oraya göndərirdilər. Beləcə, şəhərdən şəhərə köçür, vəzifədən vəzifəyə keçirdi.
Fəaliyyətinin böyük hissəsi isə Rusiya ilə bağlı olub. Orada, eləcə də digər sovet respublikalarında neft-qaz sənayesinin inkişafı üçün böyük işlər görüb. Elə Bakıdakı fəaliyyəti də əslində keçmiş ittifaqa xidmət edib. Azərbaycan neftinin gəlirləri məgər sovet ölkəsinin ümumi büdcəsinə daxil olmurdumu?!
Götürək İkinci Dünya müharibəsi illərini. Gənc mühəndis Sabit Orucov müharibə dövründə cəbhənin Azərbaycan neftinə daha çox ehtiyacı olduğu vaxtlarda aerizasiya, yəni hava vurmaqla dərin neft quyularının sürətlə mənimsənilməsi üsulunu işləyib hazırlamışdı.
Sabit Orucova əsl neftçi fədakarlığı və dərin mühəndis savadı ilə yanaşı, böyük təşkilatçılıq qabiliyyəti də müyəssər idi. Şəxsiyyətində bütün bunlar vəhdət yaradaraq onun tez tanınmasına, necə deyərlər, tez "üzə çıxmasına" imkan vermişdi. Beləliklə, 34 yaşlı neft mühəndisinin karyerası doğma Azərbaycanın hüdudlarını aşmış və onu 1946-cı ildə SSRİ Neft Sənayesi Nazirliyinin şöbə müdiri vəzifəsinə irəli çəkmişdilər. Bir il sonra isə "Krasnodarneft" Birliyinə rəisin birinci müavini - baş mühəndis vəzifəsinə göndərmişdilər.
Həmyerlimiz Rusiyanın müharibə zamanı dağıdılaraq bərbad vəziyyətə salınmış "Krasnodarneft"inin yenidən canlanmasında əsl səriştəli mühəndis və bacarıqlı təşkilatçı kimi böyük hünər göstərir. Quyular yenidən həyata qaytarılır, Kuban mədənləri dirçəlir və buradan müharibədən əvvəlki səviyyədə neft çıxarılmağa başlayır və hasilat getdikcə artır.
Sovetlərin çörək təknəsinin mənbələrindən biri olan Neft Daşlarının əfsanədən həqiqətə çevrilməsində də Sabit Orucov misilsiz xidmət göstərmişdir. O, Xəzərin qoynundakı bu nadir mədən-şəhərin, dünyada dəniz neft erasının başlandığı məkanın təşəkkül tapmasında kəşfiyyatçı-geoloq Ağaqurban Əliyev və mühəndis Yusif Səfərovla birlikdə tarixi imza atmışdır.
Hələ 1945-ci ildən geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının ekspedisiyası Neft Daşlarının tədqiqatına başlayır və bu iş 1948-ci ilə qədər davam edir. Lakin istər Bakıda, istərsə də Moskvada kəşfiyyat və qazmanın aparılması əleyhinə çıxan qüvvələr işə mane olmağa cəhd göstərirdilər. Bunlar yuxarı dairələrdə rəhbər vəzifə tutan ermənilər idi. Lakin Azərbaycanın görkəmli alim və mütəxəssislərinin müdafiəsi və respublika rəhbərliyinin dəstəyi ilə Neft Daşlarının işlənməsi təklifi qəbul edilir.
Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərinə çıxan qara daşlar yaxınlığında müşahidə olunurdu. Odur ki, ilk vaxtlar buranı "Qara daşlar" adlandırırdılar. Bu zaman sözügedən üçlüyün - Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərovun təklifi ilə Bakının gəmi təmiri zavodlarında istifadədən silinmiş yeddi iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırılır. Bundan sonra ərazini "Yeddi gəmi adası" adlandırmağa başlayırlar.
Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilir... 1949-cu il noyabrın 7-də Xəzərin açıq qoynunda sonralar öz daimi Neft Daşları adını almış ərazidə 100 ton debitlə ilk neft quyusu fontan vurur. Beləcə, Sabit Orucov öz adını dəniz neftinin tarixinə də əbədi yazır.
1949-1957-ci illərdə Sabit Orucov qısa fasilə ilə SSRİ neft sənayesi nazirinin müavini vəzifəsində çalışır. Növbəti dövrdə iş yeri bir neçə dəfə dəyişdirilən Orucov sonra yenidən SSRİ Neft Sənayesi Nazirliyində nazirin birinci müavini vəzifəsini tutur. 1972-ci ildə isə həmyerlimizi SSRİ Qaz sənayesi naziri təyin edirlər və o, bu vəzifədə ömrünün sonuna - 1981-ci ilə qədər çalışır.
Sözügedən vəzifələrdə Sabit Orucovun hansı uğurlara nail olduğunu o dövrə aid rəqəmlərdən də görmək olar. Əgər 1956-cı ildə SSRİ-də cəmi 12 milyard kubmetr qaz hasil olunurdusa, 1977-ci ildə bundan 29 dəfə çox, yəni 346 milyard kubmetr qaz çıxarıldı. Sovet İttifaqı bu illərdə qaz hasilatına görə, həqiqətən, nəhəng sıçrayışa nail oldu.
Ucsuz-bucaqsız Qərbi Sibir düzənliyi (sahəsi üst-üstə İngiltərə, Fransa, İtaliya və Finlandiya ərazilərindən böyükdür) başdan-başa bataqlıqlarla örtülü idi. Burada karbohidrogen hasilatına nail olmaq üçün Neft Daşlarının fatehi Xəzər dənizindəki təcrübəsindən istifadə etdi. Yataqların bir özüldən qazılan küt və maili quyular vasitəsilə mənimsənilməsinə üstünlük verildi. Hər özüldə (meydançada və ya platformada) 8-18 quyu qazıldı. 1980-ci ildə Tümen vilayətində 312 milyon ton neft və qaz-kondensat hasil edildi.
Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistan, Özbəkistan, Komi və Qazaxıstanın bir sıra neft-qaz yataqlarının mənimsənilməsində Sabit Orucovun xidmətləri danılmazdır. Manqışlaq (Qazaxıstan) neft yataqlarının istifadəyə verilməsində qarşıya çıxan problemlərin həlli ilə bir sıra elmi-tədqiqat təşkilatları məşğul olurdu və onların fəaliyyəti Neft Sənayesi və Geologiya nazirlikləri tərəfindən əlaqələndirilirdi. Bu işlərə bütövlükdə çalışdığı sahənin böyük bilicisi, professor Sabit Orucov rəhbərlik edirdi. Onun keçirdiyi müşavirələrdə, operativ yığıncaqlarda tikinti, təchizat və əməyin təşkili ilə bağlı bütün məsələlər böyük ustalıqla və elmi cəhətdən əsaslandırılmış şəkildə həll olunurdu.
Sabit Orucovun SSRİ qaz sənayesi naziri olduğu dövrdə keçmiş sovetlər birliyinin qaz sənayesi xeyli inkişaf etdi. Onun böyük təşkilatçılığı sayəsində Qərbi Sibirin Tümen vilayətinin unikal karbohidrogen mənbələri, Uzaq Şərqdə "Tunqorskoye", Türkmənistanda "Açaq", "Ququrtlu", "Şatlık", Özbəkistanda "Şurtan", "Qazli", "Mübarək", Qazaxıstanda "Qaraçaqanak", "Tengiz", Ukraynada "Şebelinka", Komidə "Vuktıl" və digər qaz-kondensat yataqları aşkar edildi. Ural-Volqaətrafı neft-qaz regionunun, Başqırdıstanın, Şimali Qafqazın, Krasnodar, Stavropol, Həştərxan vilayətlərinin yataqlarının kəşf edilməsində və sənaye işlənməsində də böyük Azərbaycan neftçisi Sabit Orucovun misilsiz xidmətləri olub.
Maraqlı iş üslubu vardı Orucovun. O, təklif irəli sürməklə və işə rəhbərlik etməklə kifayətlənmirdi. İstehsalatda, yataqların işlənməsində, quyuların mənimsənilməsində bilavasitə iştirak etməyi sevirdi.
Nazir Sabit Orucov eləcə də Qərbi Sibirin qaz kompleksinin formalaşmasında və intensiv inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə regionun geoloji-texniki, təbii iqlim xüsusiyyətləri nəzərə alınmaqla qaz-kondensat yataqlarının sənaye işlənməsinin yeni yanaşma konsepsiyası hazırlanıb. SSRİ-nin dünyada ən böyük Vahid Qaz Təsərrüfatı Sisteminin intensiv inkişafı məhz Sabit Orucovun nazir olduğu dövrə təsadüf edib.
Sabit Orucov ölkənin qaz sənayesində müasir infrastrukturun qurulmasına nail ola bilmişdi. O, bir sıra yataqların timsalında göstərmişdir ki, mədəndaxili kəmərlər yerüstü olarsa və onlar xüsusi istilik örtükləri ilə mühafizə olunarsa, istismar quyularından alınan təbii qazın temperaturu çıxış xətlərində və kollektorlarda donmanın qarşısının alınması üçün tam kifayət edər. Yaxud ötən əsrin 70-ci illərində qaz hasilatının əsas mənbələri Qərbi Sibirdə yerləşdiyinə görə uzaq məsafələrə, məsələn, Avropaya qazın nəqli üçün magistral kəmərlərin uzunluğunun 4500 kilometrə çatdırılması ilə əlaqədar təşəbbüs irəli sürmüşdü. Nəticədə "Dostluq" ixrac boru kəmərinin diametri böyüdülmüş və təzyiqi artırılmışdı. O, bunların hamısını həm elmi əsərlərində əbədiləşdirmiş, həm də həyatda özündən bir nişanə kimi qoymuşdu.
Sabit Orucovun neft-qaz sənayesində yüksək vəzifələrdə çalışdığı illər Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və SSRİ hökumətində aparıcı vəzifələrdən birini tutduğu dövrə təsadüf edir. Bu dövrdə Sabit Orucov Ulu Öndərin Azərbaycanın inkişafı, respublikada mükəmməl neft-qaz infrastrukturu yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləmiş və bu istiqamətdə əlindən gələni əsirgəməmişdi. Bu, Xəzərdə "Günəşli" yatağının kəşf edildiyi, Bakı Dərin Özüllər Zavodunun tikildiyi, yeraltı qaz anbarlarının yaradıldığı və digər genişmiqyaslı işlərin görüldüyü illər idi.
Sabit Orucov elmlə istehsalatın vəhdətini yaradan, üstəlik də, onlara rəhbərlik edən geniş diapazonlu mahir neftçi idi. Sabit Orucov bir sıra dəyərli elmi işlərin və ixtiraların müəllifidir. Çoxillik əmək təcrübəsinin və gərgin elmi axtarışlarının nəticəsi kimi o, 1962-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi almış, 1966-cı ildən isə professor elmi adına layiq görülmüşdür. O, Yaponiya, İngiltərə, Kanada, ABŞ, Almaniya və başqa ölkələrdə Ümumdünya və Beynəlxalq Neft və Qaz Konqreslərində məruzələr etmiş, 8-ci Moskva Neft Konqresində Dünya Neft Konqreslərinin vitse-prezidenti seçilmişdir. Sabit Orucov iki dəfə SSRİ Dövlət mükafatı, Lenin mükafatı laureatı olmuş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdir. Üç dəfə "Lenin" ordeni, 4 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Flora SADIQLI,
"Azərbaycan"