AZ

İlham Əliyev Xəzərdən dünyaya yeni qapı açıb

Bakı Limanı bu gün gücünü və miqyasını artıran qlobal tranzit qovşağıdır

Bugünkü dünyada ekoloji təmizliyə, davamlı inkişafa və sosial məsuliyyətə yönəlmiş təşəbbüslər artıq lüks deyil, zərurətdir. Bu zərurətin öhdəsindən gələn nümunəvi strukturlardan biri də məhz Bakı Beynəlxalq Dəniz Ticarət  Limanıdır. O, Xəzərin sahilində yerləşən və regionun ən mühüm nəqliyyat-logistika mərkəzlərindən hesab olunan strateji əhəmiyyətli bir qurumdur. 

Liman qədim İpək yolunun yenidən canlandırılıması istiqamətində atılan addımlar fonunda həm Avropa ilə Asiya arasında körpü rolunu oynayır, həm də ölkənin  tranzit potensialının artırılmasına  güc qatır. 400 hektarlıq ərazini əhatə edən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) mühüm hissəsi olan Bakı Limanı bütün növ yüklər üçün operativ yükaşırma xidmətini, açıq və qapalı anbar sahələrini özündə birləşdirir. Paytaxt Bakıdan 70 kilometr aralıda Azərbaycanın əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən Bakı Limanında Ro-ro, Bərə və Ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur. Ən müasir mühəndis  yeniliklərindən biri olan dəmir-beton konstruksiyanın istinad divarının uzunluğu 1777 metrdir. Kanal və akvatoriya Xəzər dənizində üzən bütün növ gəmilərin limana pulsuz  daxil olmasına imkan yaradır. 

2019-cu ildə Bakı Limanı  Avropa Dəniz Limanları Təşkilatının "Eco Ports"  ("Yaşıl Liman")  sertifikatına layiq görülüb. Bununla da Bakı Limanı Xəzər bölgəsində "EcoPorts" sertifikatı alan ilk liman kimi imzasını atıb. Bu, texniki uğur olmaqla yanaşı, həm də Azərbaycanın ekoloji siyasətinin, "yaşıl iqtisadiyyat"a keçid strategiyasının real təzahürüdür. Daha əhəmiyyətlisi  odur ki, 2021-ci ildə liman bu sertifikatı 2-ci dəfə əldə edərək, öhdəliklərinə sadiqliyini bir daha sübut edib.  Bu cür uğurla kifayətlənməyən Bakı Limanı 2022-ci ildən etibarən BMT-nin Qlobal Sazişinə də qoşulub ki, bu da limanın qlobal məsuliyyət daşıyan bir qurum olduğunun  göstəricisidir. Liman indi təkcə malların aşırıldığı məkan deyil, ideyaların, dəyərlərin, məsuliyyətin toplandığı strateji mərkəzə çevrilib. "Yaşıl gələcək" yolunda atılan addımlar  bugünkü və sabahkı dünya üçün örnəkdir.

Hazırda liman illik 15 milyon ton yük və 100 000 TEU konteyner qəbul etmək gücünə malikdir. Qeyd olunan fakt, sadəcə, rəqəm deyil, Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində artan rolunun göstəricisidir və bu, hələ ki başlanğıcdır. Bakı Limanının ikinci inkişaf mərhələsi üçün hazırlanan layihə gələcəyin logistik ehtiyaclarına cavab verəcək nəhəng bir infrastrukturun əsasını qoyur. Həmin mərhələ tam şəkildə reallaşdıqda limanın illik yükaşırma qabiliyyəti 25 milyon tona və 500 000 TEU konteynerə qədər yüksələcək. Bu isə Azərbaycanın Orta dəhlizdə lider rolunu  gücləndirməklə yanaşı, regionun iqtisadi mənzərəsini dəyişəcək bir hadisə olacaq.

Yeri gəlmişkən, hazırda Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının  məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınmasını təmin etmək üçün  liman ərazisində illik yükaşırma gücünə malik 2,5 milyon ton  gübrə terminalının tikintisi aparılır. Bu tikinti prosesi çərçivəsində ərazidə ümumi tutumu 60000 ton olan iki anbarın, yeni dizayn edilmiş vaqon yükləmə stansiyasının, müxtəlif növ gübrələri birbaşa anbarlara, açıq və ya qapalı tipli vaqonlara boşaltmaq üçün ən müasir konveyr sisteminin qurulması nəzərdə tutulur. Gələcəkdə liman ərazisində buğda terminalının və TIR parkının da tikintisi üçün layihə hazırlanıb. 

Qeyd edək ki, 25 fevral 2025-ci il tarixdə Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsi üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilib. Prezident İlham Əliyevin apardığı nəqliyyat siyasəti sayəsində Azərbaycan dünyanın ən əhəmiyyətli tranzit ölkələrindən birinə çevrilir. Bu məqsədlə  Orta dəhlizdə yüklərin tez və təhlükəsiz daşınması üçün dövlət başçısı regional ölkələrlə səmərəli əməkdaşlıq qurur ki, bu da ölkəmizin ərazisindən keçən bu qlobal dəhlizin səmərəliliyinin daha da artırılmasıdır. Dövlət başçısı bir müddət əvvəl Xankəndidə baş tutan  III Qlobal Media Forumunda məhz bu fakt üzərində dayanaraq  belə deyib: "Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmiryolu yenidən tikilir. Yəni  görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı Limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmiryolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda əsas nəqliyyat marşrutu olacaq".

Hazırda Bakı Limanı müştərilər və tərəfdaşlar üçün iqtisadi və sosial dəyər yaratmaqla, yüksəksəviyyəli xidmətlər təqdim edir və əməliyyat mükəmməlliyini təmin edir - bu, Bakı Beynəlxalq Dəniz Ticarət  Limanının missiyasıdır. Regionun "ürəyi" sayılan  Bakı Limanı 2030-cu ildə Xəzər bölgəsinin əsas giriş qapısı olaraq, dünya standartlarında xidmətlər təqdim edəcək və ƏSİ (Ətraf mühit, sosial və idarəetmə) prinsiplərini öz fəaliyyətinin mərkəzinə qoyan ən böyük intermodal mərkəz olacaq. İnnovativlik,  mükəmməllik, bütövlük, təhlükəsizlik və korporativ vətəndaşlıq liman üçün böyük  dəyərlərdir. Məhz bu sadalananlar limanın fəaliyyətində hər zaman ən yüksək standartları qorumasına, həm daxili, həm də beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli əməliyyatlar həyata keçirməsinə zəmin yaradır. Həmin dəyərlər sayəsində Bakı Limanı regionda və dünyada rəqabətə davamlı və çevik bir ticarət mərkəzinə çevrilməkdədir.

Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında yükaşırma əməliyyatları yüksək sürət və effektivliklə həyata keçirilir, bu da limanın yüklərin qəbul edilməsindən təhvil verilməsinə qədər olan bütün mərhələləri mükəmməl şəkildə idarə etməsinə imkan verir. Limanın müasir infrastruktur və avtomatlaşdırılmış sistemləri qısa müddət ərzində yüksəktutumlu aşırmaların həyata keçirilməsinə şərait yaradır. Limanda tətbiq olunan yüksək texnologiyalar və robotlaşdırılmış sistemlərin fəaliyyəti  yükaşırma prosesini daha təhlükəsiz, dəqiq və çevik edir. Prosesi rəqəmlərin dili ilə belə ifadə edə bilərik: "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,3 faiz çoxdur. İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 faiz üstələyib.

Bu  göstəricilər Bakı Limanının regional və qlobal yük aşırmalarında mühüm rolunu bir daha təsdiqləyir  və onun  əldə etdiyi uğurları vurğulayır. Limanın TEU konteyner aşırmalarında nail olduğu  yüksək artım Azərbaycanın nəqliyyat və logistika sahəsindəki strateji mövqeyini gücləndirərək, ölkə iqtisadiyyatına müsbət təsir göstərir və bu cür artım Bakı Limanının inkişaf edən infrastrukturunun, effektiv əməliyyatlarının nəticəsidir.

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr