AZ

Rusiyanın Xarkova dron hücumu nəticəsində azı 10 nəfər yaralanıb – uşaqlar da var

Rusiya Silahlı Qüvvələrinin Xarkova dronla hücumu nəticəsində azı 10 nəfər yaralanıb, onlardan üçü azyaşlıdır. Zərbə gecə saatlarında Kiyevsk rayonunda çoxmənzilli yaşayış binası yaxınlığında baş verib.

Ukrayna rəsmilərinin məlumatına görə, hücumda istifadə olunan “Molniya” tipli kamikadze dronlardan biri yaşayış binalarının yaxınlığında partlayıb. Partlayış nəticəsində iki çoxmənzilli bina və bir avtomobil zədələnib.

Yaralanan şəxslərdən beşi xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində ilkin tibbi yardım göstərilib. Yaralı uşaqlar arasında 5 aylıq körpə, 9 və 10 yaşlı oğlanlar var.

Hadisə ilə bağlı Xarkov meri İqor Terexov və Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlamalar verərək, hücumun mülki əhaliyə qarşı törədildiyini bildiriblər.

Son aylarda Rusiya ordusunun Xarkova qarşı hava hücumları intensivləşib. Təkcə iyun və iyul aylarında şəhərə edilən dron hücumlarında onlarla mülki vətəndaş – o cümlədən uşaqlar – yaralanıb və ya həlak olub.

Ukrayna tərəfi bu hücumları beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt tədbirlər görməyə çağırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr