AZ

Aqrar sektorun modernləşdirilməsində yeni tendensiya - ŞƏRH

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişaf Proqramı üzrə təltifetmə mərasimində verilən açıqlamalar kənd təsərrüfatının yalnız maddi texniki baza deyil, insan kapitalı baxımından da gücləndirilməsi istiqamətində atılan ciddi addımlardan xəbər verir. Nazir Məcnun Məmmədovun çıxışından bəlli olur ki, aqrar sektorun modernləşdirilməsi artıq strukturlaşdırılmış kadr siyasəti ilə müşayiət olunur. Bu da sektorun uzunmüddətli inkişafı üçün vacib baza rolunu oynayır. Nazirliyin “Yüksəliş” İctimai Birliyi ilə birgə reallaşdırdığı “Üfüq” proqramı dövlət sektorunda insan resurslarının daha məqsədyönlü formada inkişaf etdirilməsi baxımından fərqləndirilmiş yanaşmanı təmsil edir.

Proqram çərçivəsində idarəetmə potensialı olan əməkdaşların aşkarlanması və onların təlim, mentorluq, kouçinq dəstəyi ilə karyera inkişafının təşviq edilməsi, aqrar sektorda innovativ idarəetmə mühitinin formalaşması üçün praktik zəmin yaradır. Bu yanaşma təkcə kənd təsərrüfatında effektivliyin artırılması deyil, həm də dövlət xidmətlərinin modern transformasiyasına uyğun kadr modelinin qurulması ilə nəticələnə bilər. Qalib elan olunan 30 iştirakçının peşəkar inkişaf yolunda əlavə dəstək alması, onların idarəetmə bacarıqlarının artırılması gələcəkdə kənd təsərrüfatı idarəçiliyində çeviklik və qərarvermə keyfiyyətlərinin yüksəlməsi ilə müşahidə oluna bilər.

Kənd təsərrüfatı iqtisadiyyatın həm ərzaq təhlükəsizliyi, həm də regional inkişaf baxımından strateji sahəsidir. Bu sahədə uğurlar təkcə torpaqdan və texnikadan asılı deyil, həm də idarəedici resursların hazırlıq səviyyəsinə bağlıdır. Nazir Məcnun Məmmədovun da vurğuladığı kimi, yüksək intellektli və məsuliyyətli kadrlara ehtiyac aqrar sektorun rəqabətədavamlılıq potensialını artıran əsas komponentlərdən biridir. Bu baxımdan “Üfüq” proqramı aqrar sektorun daxili ehtiyaclarına uyğunlaşdırılmış kadr islahatları aləti kimi də dəyərləndirilə bilər.

Eyni zamanda, bu cür proqramlar həm də aqrar sahəyə cəlbediciliyi artırır. Gənc kadrların bu sahədə karyera imkanları əldə etməsi, aqrar sektorun texnokratik və strateji baxış bucağı ilə yenilənməsini təşviq edir. Davamlı insan kapitalı formalaşdırılmadıqca struktur islahatların praktik nəticələr verməsi çətinləşir. Dövlətin burada həm təşəbbüskar, həm də fasilitator rolu icra etməsi institusional baxımdan uzunmüddətli fayda təmin edə bilər.

Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində 2023-cü ilin yekunlarına görə ümumi əlavə dəyər artımı təxminən 3 faizə yaxın olub, bu sektorun uzunmüddətli transformasiyası üçün təkcə texnoloji deyil, həm də idarəetməyə dair yenilənmələr vacibdir. Bazar tələblərinə cavab verə bilən və yerli resurslardan daha səmərəli istifadəni təmin edə biləcək idarəçilərin formalaşması həm məhsuldarlığın, həm də ixrac potensialının artırılmasına imkan verə bilər.

Seçilən
12
aznews.az

1Mənbələr