AZ

AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına MEDİATUR

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub.

Hafta.az xəbər verir ki, mediatur iştirakçılarına bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.

“Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında da əsaslı təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. 16,9 hektar ərazidə yerləşən və 212 çarpayılıq sanatoriyada iki yataq, bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası vardır. Media nümayəndələri təmirdən çıxmış müalicə korpusu, müayinə və yataq otaqları ilə tanış olublar. Bildirilib ki, sanatoriyanın tibbi xidmətləri yüksək standartlara uyğun təşkil edilir. Müayinə otaqları müasir tibbi avadanlıqlarla təchiz olunub və peşəkar tibb personalı tərəfindən 30-dan artıq müalicə xidməti göstərilir. Bu xidmətlərə yod-brom vannaları, tübaj və parafin terapiyası, təbii palçıqla müalicə, eləcə də müxtəlif fizioterapiya prosedurları daxildir.

Sanatoriyanın tibbi bazasında kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika bölməsi, müalicəvi bədən tərbiyəsi, masaj otaqları və digər tibbi kabinetlər mövcuddur. Müalicə və qidalanma prosesi isə müasir sanatoriya konsepsiyasına uyğun təşkil olunur. Sanatoriya ilboyu fasiləsiz fəaliyyət göstərir. Məlumat verilib ki, istənilən şəxs birbaşa müraciət edərək yerində ödəniş etməklə sanatoriyanın müalicə və istirahət xidmətlərindən yararlana bilər.

Sanatoriyanın texniki infrastrukturu da yenidən qurulub. Belə ki, elektrik təsərrüfatı tamamilə yenilənib, 550 kVt gücündə generator quraşdırılaraq dayanıqlı enerji təchizatı təmin edilib. Sanatoriyanın ümumi ərazisində daxili avtomobil yollarına asfalt örtük çəkilib, kanalizasiya sistemləri yenilənərək mərkəzi kollektor şəbəkəsinə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya sistemi və təhlükəsizlik kameraları quraşdırılıb. Yaşıllaşdırma işləri çərçivəsində həmişəyaşıl ağac və kollar əkilib, suvarma sistemləri ilə təmin olunub.

Mediatur iştirakçıları sanatoriyanın ərazisi, müalicə və istirahət üçün yaradılmış şərait, müalicə üsulları və müasir tibbi avadanlıqlarla tanış olublar.

Seçilən
25
15
hafta.az

10Mənbələr