AZ

ABŞ dövlət katibi Marko Rubio: “Fələstin dövləti İsrailin razılığı olmadan yaranmayacaq”

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Fələstin dövlətinin yaranması yalnız İsrailin razılığı ilə mümkün ola bilər. Onun sözlərinə görə, bir sıra Qərb ölkələrinin Fələstini tanıması ilə bağlı təşəbbüsləri mənasız və zərərli addımlardır.

Rubio bildirib ki, bu dövlətin hansı sərhədlərdə və necə qurulacağı ilə bağlı heç bir real mexanizm yoxdur və bu cür qərarlar yalnız İsraillə razılaşdırılmış şəkildə verilə bilər:

“Heç bir ölkənin təkbaşına Fələstin dövləti elan etməsi onu real və hüquqi etmir. Bu, yalnız daxili siyasi təzyiqlərə reaksiya olaraq edilir.”

Dövlət katibi bu cür addımların Həmas qruplaşmasının mövqeyini gücləndirdiyini və münaqişənin həlli prosesinə mane olduğunu bildirib. Onun fikrincə, Fələstin dövlətinin birtərəfli şəkildə tanınması Həması atəşkəsə və girovların azad olunmasına razı salmaq səylərinə zərbə vurur.

Rubionun açıqlamaları, Fransa, Böyük Britaniya və Kanadanın sentyabr ayında Fələstin dövlətini tanımağa hazır olduqlarını bildirməsindən sonra gəlib. ABŞ isə bu qərarları tənqid edir və Fələstin rəhbərliyinə qarşı viza sanksiyaları tətbiq edib.

Rəsmi Vaşinqtonun mövqeyinə görə, bölgədə uzunmüddətli sülh yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar yolu ilə mümkündür.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr