AZ

“Kristal Abşeron” sakinlərin ittihamlarına nə deyir?

ain.az bildirir, Bizimyol portalına istinadən.

“Kristal Abşeron” tikinti şirkətinin Bakı Dairəvi Yolunun kənarında – “Qanlı göl” adlanan ərazidə həyata keçirdiyi dördüncü “Park Yasamal” layihəsi ilə əlaqədar həmin ərazidəki sakinlərin bir qismi ilə şirkət arasında narazılıq yaranıb. Şirkət ərazidəki köhnə evləri söküb, yerində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur. Həmin binalarda da sakinlərə mənzillər təklif olunur. Şikayətçilər narazıdır ki, onların hazırda yaşadıqların evlərin sahəsi düşgün ölçülmür və xeyli kiçik mənzillər təklif olunur.

Şikayətçilərin ittihamları ilə əlaqədar Bizimyol.info xəbər portalının sorğusuna cavab verən “Kristal Abşeron”un təmsilçisi İzzət Səmədli bildirib ki, səslənən iddialar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, sakinlərin evləri də, həyətlərində də olan bütün tikililərin ölçüləri də hesablanır və ümuni sahənin 20 faizi qədər də üstünə əlavə olunur: “İnanın, mümkün deyil ki, evin real ölçüsü, həyətdəki hansısa tikililər nəzərə alınmasın. Hətta toyuq hinini də nəzərə alırıq. 4-5 nəfər real ölçüdən xeyli artıq istəyir, ona görə qalıblar. Yalandır ki, guya kimlərisə razılaşmaya məcbur etmək üçün onlar blokada şəraitində saxlanılır, ağır şəraitdə yaşamağa vadar edilir. Qətiyyən belə bir hal yoxdur. Onlara evlərinin ölçüsündən 20 faiz artıq olmaqla, tam təmirli mənzillər təklif olunur. Mənzillərin təmirində də keyfiyyətli materiallardan istifadə olunur. Sadəcə, elə sakinlər var ki, 50 kvadrat mənzili var, onlara 20 faiz artıq olmaqla, 60 kvadrat metrlik mənzil təklif olunur, amma bununla razılaşmır. Deyir ki, yox, mənə 80-90 kvadrat metrlik mənzil ver. Başqa problem yoxdur”.

İzzət Səmədli qeyd edib ki, şirkət sakinlərin əksəriyyəti ilə razılığa gəlib, onları köçürüblər. Onun sözlərinə görə, ərazidə 300-dən çox ailə var, mərhələ-mərhələ köçürülüb: “Sadəcə, bunlar qeyri-real təkliflər irəli sürürlər. Ərazidəki evlərin bir qismi bərbad şəraitdə olan evlərdir. Kanalizasiya sistemi olmayan evlər var. Əvəzində isti döşəməsi olan, parketli evlər təklif edirik”.

Şirkət təmsilçisi əlavə edib ki, danışıqlar nəticə verməsə, məsələ hüquqi müstəviyə çıxacaq - məhkəməyə müraciət olunacaq: “Ekspert gələcək, rəy veriləcək, məhkəmə nə qərar çıxarsa, ona da əməl edəcəyik. Yeri gəlmişkən, bəzən pul istəyən sakinlər də olur, onlara da kompensasiya ödənilir və köçürülür. Amma əksəriyyət evinin yerində tikilən binalarda mənzil götürür”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr