AZ

Uitkoff Qəzzaya səfər edib

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.

TurkicWorld xəbər verir ki, o, Qəzzaya səfərini İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən bir gün sonra həyata keçirib.

Uitkoff, ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) tərəfindən Rəfahda idarə olunan yardım məntəqəsinə baş çəkib. Bu fond, BMT-nin fikrincə, bölgədəki ölümcül şəraitin yaranmasında məsuliyyət daşıyan əsas amillərdən biridir.

Uitkoff səfərinin məqsədinin Qəzzadakı müharibədən viran olmuş Fələstin ərazisi üçün yeni yardım planı hazırlamaq olduğunu bildirib. Onun ziyarətindən bir neçə saat sonra fələstinli tibb işçiləri İsrail qüvvələrinin GHF-nin yardım məntəqəsi yaxınlığında üç fələstinlini güllələyərək öldürdüyünü bildirib. Lakin, hadisənin məhz həmin yerdə baş verdiyi təsdiqlənməyib.

İsrail ordusu yaydığı açıqlamada əsgərlərin “şübhəli şəxslərin” yaxınlaşdığına dair xəbərdarlıq atəşi açdıqlarını və hadisənin araşdırıldığını bildirib.

Uitkoffa səfərində ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də qoşulub. O, “X” sosial şəbəkəsində tikanlı məftillərin arxasında dayanan ac fələstinlilərin görüntüsünü paylaşıb. Onun paylaşımında böyük ABŞ bayrağı və “100 milyon yemək çatdırıldı” sözləri yer alıb.

Uitkoff, səfəri çərçivəsində digər qurumlarla da görüş keçirib və məqsədin Trampı humanitar vəziyyət barədə məlumatlandırmaq və humanitar yardımın çatdırılması üçün plan hazırlamaq olduğunu bildirib.

Qeyd edək ki, GHF fəaliyyətə başladığı may ayından bu yana yardım almağa çalışan 1000-dən çox fələstinli öldürülüb. Onların əksəriyyəti GHF məntəqələri yaxınlığında İsrail qüvvələri tərəfindən güllələnib. İsrail ordusu bəzi yardım almağa çalışan fələstinlilərin öldürüldüyünü etiraf etsə də, əsgərlərə davranışlarını yaxşılaşdırmaq üçün yeni göstərişlər verildiyini bildirib.

BMT, GHF-nin yardım bölgüsünün təhlükəli və neytrallıq prinsiplərinə zidd olduğunu, aclıq böhranını daha da dərinləşdirdiyini əsas gətirərək, fondla əməkdaşlıqdan imtina edir. GHF isə iddia edir ki, onların yardım paylama nöqtələrində heç kim öldürülməyib.

İsrail, humanitar yardımın fələstinlilərə çatmamasında HƏMAS və BMT-ni günahlandırır və GHF sistemini yardımların HƏMAS tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün tətbiq etdiyini bildirir. HƏMAS isə yardımları oğurladığı iddialarını rədd edir.

Seçilən
25
turkic.world

1Mənbələr