AZ

İran dini rejimi tarixində Azərbaycanla münasibətlərə nisbətən ən obyektiv rəy...


Məhərrəm Zülfüqarlı: “Pezeşkiana qədər heç bir İran rəsmisi belə qətiyyətli, cəsarətli fikir bildirməyib ki...”

İran prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə dair açıqlama verib. “Azad İran” Telegram kanalı xəbər verir ki, o, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya verib.

“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır?”, - deyə, Pezeşkian bildirib.

Prezident əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan-İran münasibətləri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra zaman-zaman spiralvari xətt üzrə olub, gah müəyyən soyuqlaşma baş verib, gah da hər şey yolunda gedib, normallaşıb. “Özüm dəfələrlə İranda yüksək səviyyəli konfranslarda olmuşam, bu münasibəti görmüşəm. Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə (bunu öz kitabımda da yazmışam) belə bir fikir irəli sürür - hər hansı bir ölkənin başqa bir ölkə ilə problemi varsa onun həll yeri Azərbaycan deyil, Azərbaycan əməkdaşlıq üçün açıqdır. Bu fikir o zaman ABŞ-a ünvanlanmışdı. Çünki o dövrdə ABŞ İrana qarşı müharibə təhdidi ilə çıxış edirdi. Prezident də açıq-aydın bəyan etdi ki, əgər siz bizim İrana, bizim qonşularımıza, qardaşlarımıza qarşı müharibəyə başlasanız biz sizə Azərbaycan hava məkanından, ərzisindən istifadəyə imkan verməyəcəyik. Bu qəti bir fikirdir. Prezident belə bir fikri də təkrarlamışdı ki, Azərbaycanla İranın müştərək tarixi var, müştərək tariximiz hər iki tərəf üçün doğmadır, əzizdir.

İndi gələk müasir dövrə. İlk dəfədir ki, İran prezidenti özünün azərbaycanlı olduğunu açıq-aydın bildirib, Azərbaycanla fəxr etdiyini, Azərbaycan dilinə, poeziyasına bağlı bir insan olduğunu bəyan edib. Biz buna çox müsbət və həssaslıqla yanaşmalıyıq, cənab Pezeşkiana da dəstək verməliyik. Çünki İslam inqilabından sonra İran rejimi Azərbaycanın güclənməsində, Qafqazda güc mərkəzinə çevrilməsində maraqlı olmayıb. Bunun da nəyə görə olduğu aydındır. Sual oluna bilər, necə ola bilər ki, belə bir şəraitdə Azərbaycanı ürəkdən sevən bir şəxs prezident səviyyəsinə gəlib çatıb? Fikrimcə, İran İslam Respublikasının rəhbərliyi yeritdiyi əvvəlki siyasətin müəyyən qədər islahatlarla dəyişməsinin tərəfdarı olduğuna görə bu xətti yeridir. Çünki radikal şiəlik, radikal islamçılıq, radikal etnik siyasət İranın daxildən parçalanmasına gətirib çıxara bilər. Ona görə də İranın ən inqilabi kütləsinin toplaşdığı, ən inqilabi ərazisi olan, inqilablar beşiyi olan Cənubi Azərbaycanı İran rejimi indiki siyasətlə idarə edə bilməz. Mənə elə gəlir ki, siyasətdə çox köklü dəyişikliklər olmaqla, azərbaycanlı prezidentin xalq tərəfindən seçilməsinə imkan verildi. Hesab edirəm ki, bu, İran-Azərbaycan münasibətlərinin xeyli normallaşmasına kömək etdi, gələcəkdə də kömək edəcək.

Əvvəlki illərdə Bakı-Təbriz avtobus marşurutu vardı, 20 manat ödəyirdin, vizasız burdan Azərbaycan tarixinin beşiyi Təbrizə gedirdin, gəzib gəlirdin. Arzulayardım ki, yaxın gələcəkdə münasibətlər o səviyyəyə gəlib çatsın və Azərbaycan əhalisi yenə də qardaş ölkəyə səfərlər etsinlər, onların həm iqtisadi, həm siyasi, həm mədəni vəziyyətini görsünlər və ondan çıxış etsinlər. Çox zaman heç İranda, Cənubi Azərbaycanda olmayan, İran tarixini bilməyən şəxslər hansısa dövlətin təsiri altında qardaş ölkəyə qarşı xoşa gəlməyən fikirlər səsləndirir”.

İranın bizə qonşu dövlət olduğunu deyən M.Zülfüqarlı qeyd etdi ki, müsəlmanıq, müştərək tariximiz var və orda bizim çoxlu sayda soydaşlarımız, qardaşlarımız yaşayır. M.Zülfüqarlı hesab edir ki, 50 milyonluq azərbaycanlıların əsas hissəsi Cənubi Azərbaycandadır: “Ora da bizim vətəndir və vətənə qarşı hər hansı bir xoşagəlməz hal, müharibə təhlükəsi olarsa biz buna qarşı olmalıyıq. Çünki vətənin o tayı, bu tayı olmur. Şimali Azərbaycana münasibətdə necə sülhpərvər siyasət yeridiriksə, qardaşlarlarımız yaşayan ölkəyə də bu cür münasibət sərgiləməliyik. İstərdim ki, yaxın gələcəkdə Azərbaycanla İran münasibətlərində elmi əlaqələrin də rolu güclənsin, əvvəlki kimi konfranslar keçirilsin, alimlərimiz həm orda, həm də burda keçiriləcək konfranslarda rahat iştirak etməlidir. İki ölkə arasında elmi əməkdaşlığa da dəstək verilməsi arzuolunandır. Belə olarsa, yaxın gələcəkdə həm Qafqazda, həm də Azərbaycan-İran münasibətlərində möhkəm sülhə nail olmaq olar. Mənə elə gəlir ki, uzaq olmayan dövrdə məhz bütün siyasətin bu istiqamətə yönəlməsinə nail olacağıq. Əvvəlki illərdə olduğu kimi, Azərbaycan-İran münasibətləri yüksək xətt üzrə inkişaf edəcək. Əlbəttə, burda İran prezidentinin səsləndirdiyi fikrə də diqqət etmək lazımdır. Pezeşkiana qədər heç bir İran rəsmisi belə qətiyyətli, cəsarətli fikir bildirməyib ki, İranla Azərbaycan arasındakı münasibətlərdə irəliləyiş yoxdursa bunun günahı İranın üzərindədir. Bu çox böyük fikirdir, gerçəyi ifadə edir və bunu hər adam cəsarət edib deyə bilməz ki, cənab Pezeşkian deyib. Hesab edirəm ki, bütün səhvlər nəzərdən keçirilməli və isti münasibətlərin formalaşmasına hər kəs öz töhfəsini verməlidir”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı hesab edir ki, M.Pezeşkianın bu dəyərləndirməsi olduqca obyektivdir və bu, İran-Azərbaycan münasibətlərinin dinamik inkişafına yeni yol aça bilər.

İradə SARIYEVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr