AZ

Şuşada hansısa dövlətin konsulluğuna ehtiyac var?..


Ramil Hüseynov: “Ümumiyyətlə, Qarabağda hansısa xarici ölkənin konsulluğu olmamalıdır”

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq. Bunu Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

“Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”, - deyə səfir qeyd edib.

Tutaq ki, Azərbaycan Şuşada və yaxud da Xankəndidə Türkiyə konsulluğunun açılmasına razılıq verdi. Rusiya bunu əlində əsas tutub Xankəndidə konsulluq açmaqla bağlı israr edə bilərmi? Ümumiyyətlə, Qarabağda istənilən xarici ölkənin konsulluğunun açılmasına ehtiyac varmı?

“Tutaq ki, Xankəndidə Rusiyanın konsulluğu açıldı, haradan zəmanət var ki, Fransa oxşar tələblə çıxış etməyəcək?”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Qarabağda hansısa ölkənin konsulluğunun açılması məsələsində tələsmək olmaz: “Dövlətimiz doğru olaraq indiyə qədər orada hansısa ölkənin konsulluğunun açılmasına icazə verməyib. Fikrimcə, ümumiyyətlə, Qarabağda hansısa xarici ölkənin konsulluğu olmamalıdır. Sülhməramlılar Qarabağda olanda Rusiya bir neçə dəfə Xankəndidə konsulluq açmaqla bağlı Azərbaycan tərəfinə müraciət edib. O cümlədən, sülhməramlılar Qarabağı tərk edəndən sonra da Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri bir neçə dəfə bunu səsləndiriblər. Sual olunur, Qarabağda ruslar yaşamır, o zaman Moskva niyə konsulluq məsələsində bu qədər canfəşanlıq edir? Çünki Rusiya konsulluq açmaqla erməni separatizmini yenidən başımıza bəla etmək istəyir. Rusiya orada konsulluq açsa, ermənilərin Qarabağa qayıtması ilə bağlı səylərini artıracaq. Daha sonra ermənilərlə işləyən Rusiya bundan öz məqsədləri üçün istifadə edəcək. Tutaq ki, Xankəndidə Rusiyanın konsulluğu açıldı, haradan zəmanət var ki, Fransa oxşar tələblə çıxış etməyəcək? Haradan zəmanət var ki, digər ermənipərəst ölkələr belə bir istəklə çıxış etməyəcəklər? Ona görə də bu məsələyə son dərəcə həssas yanaşmalıyıq. Qardaş ölkə olan Türkiyənin Şuşada konsulluğu açılsa, o zaman Rusiya Xankəndidə konsulluğunu açmaqla bağlı təkid edəcək. Belə olan halda Azərbaycan Moskvaya yox desə, o zaman bu, iki ölkə münasibətlərini daha da gərginləşdirə bilər. Zatən məlum səbəblərdən münasibətlər soyuyub. O üzdən, onlara bu fürsət verilməməlidir. Qarabağda heç bir ölkənin konsulluğu olmamalıdır. Qardaş ölkənin Naxçıvanda, Gəncədə konsulluğu var. Bir məqamı unutmamalıyıq ki, bir sıra məsələlərdə bir-biri ilə düşmən olan Qərblə Rusiya Qarabağ məsələsində ortaq mövqedən çıxış edirlər. Biz bunu işğal dövründə və ondan sonrakı dövrlərdə dəfələrlə görmüşük. Ona görə də sözügedən məsələdə son dərəcə diqqətli olmalıyıq”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr